...

Azərbaycanın təşəbbüsü ilə “Made in Turan” brendi yaradılıb

İqtisadiyyat Materials 22 May 2024 14:50 (UTC +04:00)
Azərbaycanın təşəbbüsü ilə “Made in Turan” brendi yaradılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Qazaxıstanda Azərbaycanın təşəbbüsü ilə türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradılıb.

Bunu Trend-ə Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov deyib.

O bildirib ki, markalaşmanın yaratdığı ən böyük təsirlərdən biri də insanda yaratdığı sahib olma hissidir. TDT-yə üzv ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaqdır.

“Made in Turan” markası dedikdə TDT-yə üzv ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi başa düşülür. "Made in Turan" markası üçün əldə olunacaq xüsusi güzəştlər sayəsində ölkələr arasında ticarət dövriyyəsi artacaq və iqtisadi əlaqələr möhkəmlənəcəkdir.

“Made in Turan” markasının tətbiq olunması həmçinin Türk dünyası markalarının yeni dövrə keçid etməsidir. Bu markalaşma siyasəti nəticəsində türk dövlətləri markaları qlobal marka olma yolunda əmin addımlarla irəliləyəcək, əldə olunacaq xüsusi güzəştlər sayəsində türk dövlətləri arasında olan ticarət dövriyyəsi artacaqdır.

“Made in Turan” markası Türk dünyasının qlobal miqyasda mühüm iqtisadi güc olaraq tanınmasına öz töhfəsini verəcəkdir. “Made in Turan” ticarət evlərinin açılışını planlaşdırırıq",- deyə o qeyd edib.

Qeyd edək ki, 200 milyondan çox insanın yaşadığı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişlənir.

Türk dünyası ölkələrinin tarixi İpək Yolunun üzərində yerləşməsi onların Şərq və Qərb arasında artmaqda olan ti­carət dövriyyəsində də önəmli rola malik olmasına şərait yaradır. Statistik göstəricilərə əsasən, Çin və Avropa ölkələri arasındakı ticarət dövriyyəsi günlük 1 milyard ABŞ dollarının üzə­rindədir. Türk dünyası ölkələrinin bu mühüm ticarət yolu üzərində yerləş­məsi TDT-nin regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. Belə ki, TDT-yə üzv ölkələrin dünya iqtisa­diyyatındakı ümumi ticarət dövriyyəsi 536 milyard ABŞ dolları təşkil edir.

Türk Dövlətləti Təşkilatına üzv ölkələr bu gün qlobal və regional miqyasda strateji hesab olunan Orta Dəhlizin üzərində yerləşir. Avropa ilə Asiya arasında vacib neft-qaz və nəqliyyat marşrutlarının keçdiyi Orta Dəhliz TDT-yə üzv dövlətlər üçün strateji əhəmiyyətə malikdir.

TDT-yə üzv ölkələrdəümumi daxili məh­sulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi isə 1,2 trilyon ABŞ dolları təş­kil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti