...

Gürcüstandakı hadisələr "Nabukko" qaz kəmərinin tikintisi planlarına mane olmayacaq – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2008 19:50 (UTC +04:00)
Gürcüstandakı hadisələr "Nabukko" qaz kəmərinin tikintisi planlarına mane olmayacaq – səfir

Qazaxıstan, Astana, 09 sentyabr/ Trend müxbir E.Xankişiyeva/ Trend -ın Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lətif Qəndilovla müsahibəsi.

- Gürcüstandakı son hadisələr Qazaxıstanın enerji bazarına necə təsir göstərib?

- Qazaxıstan gürcü-osetin münaqişəsi nəticəsində neft nəqlinin dayanmasından heç bir şey itirməyib, əksinə, bu hadisə daxili bazarda vəziyyəti sabitləşdirib. Belə ki, Gürcüstanda məlum hadisələr başladıqdan sonra, Qazaxıstan öz neft və neft məhsullarını daxili bazara yönəldib. Bu, ilk növbədə, təhlükəsizliklə bağlı edilib. Qazaxıstanda kütləvi taxıl yığımının başlaması ikinci obyektiv səbəb olub. Bu dövrdə ölkənin kənd təsərrüfatının neft məhsullarına ikiqat ehtiyacı yaranıb və taxıl məhsulu yığımını təmin etmək üçün, Batumiyə göndərilməli olan bütün neftdən daxili bazarda istifadə edilib.

Qazaxıstanda neft məhsullarının qiyməti bazar tərəfindən tənzimlənir və nəticədə, regionun bir ölkəsində neft və neft məhsullarının qiyməti başqa, digərində başqadır. Avqustda, taxıl məhsulu yığımın qızğın vaxtında Qazaxıstanda neft məhsullarının qiyməti hər gün artıb və qazax neftinin ölkənin daxili bazarına yönəldilməsi daxili gərginliyi aradan qaldırıb və neft məhsullarının qiymətləri ilə bağlı vəziyyəti sabitləşdirib. Qazaxıstan Gürcüstan (Batumi) və Rumıniyaya neft və neft məhsullarının tədarükünü tezliklə bərpa edəcək.

- Gürcüstandakı hadisələrin izləri "Nabukko" qaz kəmərinin tikintisi planlarına təsir edəcəkmi?

- Gürcüstandakı hadisələr heç bir şəkildə "Nabukko" qaz kəmərinin tikintisi planlarına təsir etməyəcək. Əksinə, TransAvropa qaz kəməri şəbəkəsinin Cənub istiqamətinin aktuallığı qloballaşma şəraitində artacaq. "Nabukko" qaz kəmərinin tikintisi Avropaya qaz nəqli marşrutlarının seçilməsinə dair mübarizə getdiyi üçün deyil, məqsədəuyğunluq baxımından zamanın, tələbatın diqtəsidir . Mərkəzi Asiyadan Avropaya ən qısa yol Azərbaycandan keçir. Heç bir şübhə yoxdur ki, Azərbaycan və "Nabukko" layihəsinə cəlb edilmiş digər ölkələr bu boru kəmərinin təhlükəsizliyini təmin etməyə qadirdirlər. Regionda dünyada məşhur BP, Chevron və Agip kimi iri şirkətlərin iştirakı da mövcud münaqişəli vəziyyətlərin həllinə yardım edəcək.

- Azərbaycanın iqtisadiyyatına, eləcə də enerji sektoruna Qazaxıstanın sərmayələrinin yatırılacağı gözlənilirmi?

- Azərbaycan qardaş Qazaxıstanın sərmayələrinə həmişə şad olardı. Sərmayələrin yatırılması üçün sahələr isə, az deyil. Azərbaycan və Qazaxıstan sərmayələrinin iştirakı ilə Bakı şəhərində taxıl terminalının birgə tikintisi buna parlaq nümunədir. Hazırda Azərbaycan özü digər ölkələrin iqtisadiyyatına sərmayə yatırır. Ölkədəyə yatırılan daxili sərmayələr xarici sərmayələri ötür. Vaxt olub ki, Azərbaycan xarici sərmayələrin cəlb edilməsinə görə bütün ölkələri və hətta Şərqi Avropa ölkələrini qabaqlayıb. Bu gün Azərbaycan özü sərmayədardır və dünya sərmayə bazarında mövqelərini möhkəmlədir.

- Qazaxıstan dünya bazarında cövlan edən inflyasiyaya qarşı hansı tədbirləri görüb?

- Azərbaycanda olduğu kimi, Qazaxıstanda da idxal edilən inflyasiya müşahidə olunur. Belə ki, Qazaxıstan əksər malları Avropadan idxal edir.Lakin burada nəzarətsiz qiymət artımı olmayıb. Dövlət operativ, işlək tədbirlərlə inflyasiyanın templərini saxlayıb. Belə ki, 14 regionda qida məhsullarının alındığı müasir sabitləşmə fondları yaradılıb. Dənli bitkilərin ixracına qoyulan qadağa da Qazaxıstana inflyasiya təzyiqinin azalmasına səbəb olub.

- Sizin fikrinizcə, 2008- ci ilin əvvəlindən Azərbaycan - Qazaxıstan münasibətlərində yer almış başlıca hadisə hansıdır?

- Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində ən başlıca hadisə Azərbaycan prezidenti İlham Əliyevin Astananın 10 illiyi ilə bağlı bayram tədbirlərində iştirak üçün bu ölkəyə səfəri olub. Vacibliyinə görə ikinci hadisə kimi apreldə keçirilən beşinci Azərbaycan - Qazaxıstan hökumətlərarası komissiyasını göstərmək olar. Sayca beşinci hökumətlərarası komissiyanın keçirilməsi Azərbaycanın Qazaxıstandakı səfirliyinin uğurlu işinin göstəricisidir. Belə ki, 1992-2004 -cü illərdə yalnız 1 hökumətlərarası komissiya keçirildiyi halda, 2004 - cü ildən (səfirlik işə başladıqdan sonra) onların sayı beşə çatıb. Azərbaycan - Qazaxıstan münasibətlərində üçüncü böyük hadisə Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomrat Tokayevin Azərbaycan parlamentinin 90 illiyi ilə əlaqədar iyunda Bakıya səfəri olub. Bu il Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri gözlənilir.

- Aktauda Azərbaycanın Baş konsulluğunun açılması zərurəti nədən qaynaqlanıb?

- Aktauda Azərbaycanın Baş konsulluğunun açılmasına zərurət bir neçə səbəbdən yaranıb. Ərazinin genişliyi, Azərbaycan əhalisinin bütün Qazaxıstan üzrə səpələnməsi kimi amillərlə yanaşı, Aktauda Baş konsulluğun yaradılması iqtisadi və ekoloji problemlərin, Xəzərin, gəmiçilik məsələlərinin tez həlli üçün lazımdır.

Bu addımdan iqtisadi dividendlər daha çox olacaq. Ölkələr arasında mal dövriyyəsini iki dəfə artırmaq olar;Qazaxıstanın qərbindəki torpaqlar kənd təsərrüfatı üçün o qədər də yararlı deyil və buu səbəbdən, Azərbaycanın kənd təsərrüfatı məhsullarını, xüsusilə də meyvə-tərəvəzi bu əraziyə ixrac etmək olar. Öz növbəsində, Qazaxıstanın qərb regionları (Atırau, Manqistau, Aktyubinsk, Uralsk) faydalı qazıntılarla zəngindir və Azərbaycan bu imkandan yararlana bilər.

Aktauda inkişaf etmiş nəqliyyat sistemi var - həm dəniz, həm də dəmir yolu nəqliyyatı. Qazax nefti və neft məhsulları dəmir yolu nəqliyyatı ilə daşınır. Aktau həm də Qazaxıstanın neft paytaxtı hesab edilir. Aktaunun neft sektorunun Azərbaycandan gətirilən neft avadanlığı ilə sabit təmin edilməsi, Azərbaycanın neft mütəxəssislərinin buraya göndərilməsi sahəsində əməkdaşlıq perspektivləri var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti