...

Azərbaycan Qazaxıstana bərə reyslərinin qrafikini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2015 14:30 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşıma həcmlərinin Xəzər üzərindən keçən marşrutla həyata keçirilməsi məqsədilə, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərini rəhbər tutaraq, yükdaşımaların yüksək səviyyədə təmin olunması üçün bütün zəruri tədbirləri görür. Bu barədə Trend QSC-nin saytına istinadən məlumat verir.

Dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasında, habelə İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qeyri-neft ixracının genişləndirilməsinə dair son toplantıda biznes nümayəndələri tərəfindən səslənən təkliflər ölkənin tranzit imkanlarını genişləndirməklə yanaşı, yükdaşımalar sahəsində vahid tarif siyasətinin həyata keçirilməsinə, bu sahədə prosedurların sadələşdirilməsinə imkan verəcək ki, bu da ölkənin ixrac potensialının daha səmərəli reallaşdırılması baxımından əhəmiyyətlidir.

Eyni zamanda, bir neçə gün öncə Qazaxıstanın Aktau şəhərində yeni Logistik Mərkəzin istifadəyə verilməsini nəzərə alaraq, dekabrın 1-dən etibarən Bakı-Aktau və əks istiqamətdə təkərli texnika (yük maşınları, avtobuslar, sərnişin maşınları və s.) və dəmir yolu vaqonlarının daşınması üçün, gəmi-bərələr təsdiq olunmuş mütəmadi qrafik üzrə hərəkət edəcəklər.

Belə ki, Bakı-Aktau istiqamətində təkərli texnika və dəmiryol vaqonlarını daşıyan gəmilər həftənin hər çərşənbə axşamı və cümə günləri, Aktau-Bakı istiqamətində isə çərşənbə və şənbə günləri yola düşəcəklər (hava şəraiti ilə əlaqədar qrafikdə məcburi dəyişikliklərin edilməsi zərurəti olduqda, öncədən xəbərdarlıq ediləcəkdir):

Bakı(Ələt)-Aktau

Aktau-Bakı(Ələt)

Çərşənbə axşamı

12:00

Çərşənbə

23:00

Cümə

12:00

Şənbə

23:00

Zərurət yarandığı halda, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC artan yük həcmlərinin daşınması məqsədi ilə, qrafik üzrə gəmi səfərlərinin sayını tələbata uyğun artıracaqdır.

Bakı-Aktau və Aktau-Bakı istiqamətində daşımalar Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanından həyata keçirilir.

Bərə gəmilərinin səfərləri barədə, o cümlədən hava şəraitindən asılı olaraq gəmilərin limandan çıxış və təyinat limanına gəliş vaxtları haqqında məlumatlar onlayn rejimdə Gəmiçiliyin veb-saytında mütəmadi olaraq yerləşdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti