...

İran Azərbaycanın "Şah dəniz" yatağından qaz almaq niyyətindədir

Energetika Materials 28 May 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may / Trend , müxbir S.Əliyev/ İran Xəzərin Azərbaycan sektorunda yerləşən "Şah dəniz" qaz kondensat yatağından böyük həcmdə Azərbaycan qazı idxal etmək niyyətində olduğunu bildirib. Bu barədə çərşənbə günü məlumatlı mənbədən bildirilib.

Bir gün əvvəl İranın neft nazirinin müavini və həm də İran Milli Qaz Şirkətinin baş meneceri Seyid Rıza Kəssənzadə Bakıya səfərə gəlmişdi. Kəssənzadənin Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və "Şah dəniz" konsorsiumu rəhbərlikləri ilə apardığı danışıqlar zamanı bu yatağın 2012-2013-cü illər üçün planlaşdırılan işlənmə layihəsinin ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının İrana tədarükü məsələsi müzakirə olunub. İranın "NICO" şirkəti "Şah dəniz" layihəsində 10 faiz iştirak payına malikdir.

Bu günə qədər Azərbaycan qazının müxtəlif nəql imkanları nəzərdən keçirilib. Lakin onlar yalnızAvropa istiqamətinə aid olub. Bundan əlavə, bu il ARDNŞ artıq İrana 30 mln. kubmetr şəxsi qaz tədarük edib. Qaz İrana kifayət qədər yüksək qiymətə - 1000 kub metri 300 dollara satılıb. Müqavilə 30 mln. kub metr qazın tədarükü üçün nəzərdə tutulub, lakin uzadıla bilər.

"Şah dəniz" layihəsi üzrə "Mərhələ-2" çərçivəsində yataqdan ildə 12 mlrd. kub metr qazın ixrac olunması nəzərdə tutulub. Qaz ixracı "Mərhələ-1"də olduğu kimi "Mərhələ-2"də də Cənubi Qafqaz qaz kəməri (SCP) üzrə həyata keçiriləcək.

Hazırda "Şah dəniz" yatağından qaz (21-22 mln. kub metr) dörd quyudan hasil edilir. Cari ilin ortaları üçün beşinci quyunun qazıma işləri başa çatdırılacaq.

"Şah dəniz" yatağının işlənməsinə dair saziş 1996-cı ilin iyunun 4-də imzalanıb. Saziş iştirakçıları bunlardır: BP (operator- 25,5%), Statoil (25,5%), NICO (10%), Total (10%), LUKAgip (10%), TPAO (9%), ARDNŞ (10%).

Bu yataqda qaz hasilatına 2006-cı ilin dekabrında başlanıb. Hazırda qaz Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz boru kəməri vasitəsilə nəql olunur. Azərbaycan da alıcısı qismində çıxış edir.

Yatağın işlənməsi üzrə birinci mərhələ çərçivəsində hər il 8,6 mlrd. kub metr qazın hasil olunması nəzərdə tutulub. Əldə ediləcək həcm Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. Reallaşdırılmasına 2012-ci ildən sonra başlanacaq ikinci mərhələ çərçivəsində hasilat 20 mlrd. kub metrə qədər artırılacaq. Bu mərhələ çərçivəsində qazın digər ölkələrə ixrac olunması nəzərdə tutulub.

Azərbaycan və İranı uzunluğu 1474,5 km olan Qazi-Məhəmməd-Astara-Bind-Biand qaz kəməri birləşdirir. Bu kəmərin 296,5 km-i Azərbaycan ərazisindən keçir. Onun nəql gücü ildə 10 mlrd. kub metr təşkil edir. Bu marşrut 1971-ci ildə istifadəyə verilən Qazax-Astara-İran boru kəmərinin bir qoludur. Kəmər boyunca - Qazi-Məhəmməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqliyyat sistemi 55 atmosfer təzyiqi üçün nəzərdə tutulub. Boru kəmərinin diametri 1200 mm-dir..

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti