Azərbaycan, Bakı, 02 iyun/ Trend / Nabucco layihəsinin reallaşdırılması ilə bağlı gecikmələr risklərin azaldılması zərurətilə bağlıdır. Bu barədə Bakıda, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşdə RWE şirkətinin kommersiya məsələləri üzrə baş direktoru Stefan Cudiş məlumat verib.
Cudiş görüşdə bildirib ki, Nabucco layihəsinin reallaşdırılmasında bütün Avropa maraqlıdır və onun həyata keçirilməsi üçün Türkiyə və Türkmənistanla danışıqlar aparılıb.
Mayın sonunda Nabucco layihəsinin səhmdarları layihənin dəyərinin 1,5 dəfə - 7,9 mlrd. avroyadək bahalaşdığını bəyan ediblər. Layihənin bahalaşması neftin qiymətinin və polada olan tələbatın artması ilə bağlıdır.
Layihə konsorsiumu qaz kəmərinin tikintisi layihəsinin reallaşdırılması üçün maddi təchizat və tədarük xidmətlərinin qiymətləndirilməsi əsasında kapital xərclərinə yenidən baxıb. Yeni qiymətləndirməyə görə, layihə üçün 2 mln. ton polad, 200 min boru və 30-dan çox kompressor aqreqatı tələb olunur.
Nabucco qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiya qazı Avropa İttifaqı ölkələrinə tədarük ediləcək. Qaz Mərkəzi Asiyadan Nabucco-dək planlaşdırılan TransXəzər qaz kəməri ilə çatdırıla bilər. O, Xəzərin dibi ilə çəkiləcək. İlkin buraxma gücü 8 mlrd. kubmetr olacaq boru kəməri 2012-ci ilə tikiləcək. İlk tədarük 2013-cü ildə başlayacaq.
Nabucco Gas Pipeline International Nabucco qaz kəmərinin işlənilməsi və tikilməsi üzrə beynəlxalq tərəfdaşların konsorsiumudur. Qaz kəmərinin tikintisi üzrə konsorsiumda aşağıdakı şirkətlər iştirak edir: OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə), Bulgargaz (Bolqarıstan), Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya) şirkətləridir. Bu gün iştirakçılardan hər biri bərabər paya malikdirlər - 16,67 faiz.