...

Avropa Rusiya qazına alternativ tapmaqda gecikir

Energetika Materials 7 Yanvar 2009 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar/ Trend , müxbir S.Əliyev/ Moskva və Kiyevin qaz qarşıdurması son həddə -- Rusiyadan Ukraynaya qaz ixracının tam dayandırılmasına çatıb. Səciyyəvidir ki, bu münaqişədən əsas zərər çəkən, hər iki tərəfi mavi yanacağın ixracı üzrə öhdəliklərini yerinə yetirməyə çağıran Avropadır. Bu gün qazın Ukraynaya və bu ölkə ərazisindən tranzitlə Köhnə Dünyaya nəql olunduğu sonuncu - dördüncü boru kəməri bağlanılıb. Beləliklə, Ukrayna ərazisi vasitəsilə Avropa ölkələrinə qaz ixracı tamamilə dayandırılıb.

Buna baxmayaraq, Rusiyanın Ukrayna üçün tədarük etdiyi yanacağın dəyərinin razılaşdırılmamasından başlayan qaz qarşıdurmasından, sonuncu hələ də ciddi problemlər yaşamır. Ekspertlər qeyd edirlər ki, Ukraynada qaza tələbat şəxsi hasilat və yeraltı qaz anbarlarında yığılmış qaz hesabına təmin olunur.

2009 - cu il üçün müqavilə bağlanılmadığından, Rusiyanın "Qazprom" qaz Holdinqi yanvarın 1 - dən Ukraynaya qaz ixracını dayandırıb. "Qazprom" nümayəndələrinin sözlərinə görə, bundan sonra Ukrayna üçüncü ölkələrə ixrac üçün nəzərdə tutulmuş qazı qeyri - qanuni şəkildə mənimsəməyə başlayıb, nəticədə, avropalı istehlakçılar ötən sutkalar ərzində 60 mln. kubmetr qaz almayıblar.

Rusiya qazının Ukrayna ərazisi vasitəsilə Bolqarıstan, Bosniya, Xorvatiya, Makedoniya, Serbiya, Macarıstan, Türkiyə, Yunanıstana və digər ölkələrə ixracı dayandırılıb. 

Yanvarın 5 - də, Rusiya qazının Ukrayna ərazisi vasitəsilə ixracının azalması başlayanda, onun həcmi sutkada 314,6 mln. kubmetr təşkil edirdi. Nəticədə, Rusiyanın tranzit qazının tədarükləri dörd dəfədən çox azaldıldı və nəhayət, tam dayandırıldı.

Yaranmış vəziyyət enerji daşıyıcılarının Avropaya ixracının diversifikasiyasının zəruri olduğunu  bir daha göstərib. Yalnız bir istiqamətdən tədarüklərdən asılılıq alternativ qaz ixracı marşrutlarının, xüsusilə də Xəzər regionu, İran və İraqdan marşrutların çəkilməsi başa çatanədək, bütün qarşıdakı illər ərzində analoji problemlərə gətirəcək. Faktiki olaraq, Avropanın problemi qazın ixracının dayandırılmasından deyil, bir tədarükçüdən asılı olmaqdan ibarətdir. Bu, yaranmış problemlərə çevik reaksiya göstərmək və yanacağın dəyərinin azaldılması üçün rəqabət yaratmağa imkan vermir.

Alternativ marşrutun - "Nabukko" qaz kəmərinin tikintisinin başa çatacağı ən yaxın müddət 2013 - cü ildir. Daha bir neçə maşrutunun çəkilməsinin başa çatdırılması nəzərdə tutulur. Onların arasında İTGİ (Türkiyə -Yunanıstan - İtaliya) və TAP (TransAdriatik qaz kəməri) qaz kəmərləri var.

Bu gün yaranmış vəziyyətin proqnozlaşdırılmasına (o, faktiki olaraq 2006 - cı ilin qışında baş vermiş hadisələri təkrarlayır - o zaman qazın qiyməti məsələlərində fikir ayrılıqlarına görə Ukrayna, ağır qış yaşayan Köhnə Dünya üçün nəzərdə tutulmuş Rusiya qazının tranzit həcmlərindən qazın mənimsənilməsinə başlamışdı), Avropa tərəfindən alternativ tədarüklərin təmin edilməsi üzrə qəti addımlar atılmayıb.

Avropada qaz ehtiyatının saxlanılması və ekstremal vəziyyətlərdə istifadə üşün qaz anbarlarının yoxluğu vəziyyəti ağırlaşdırır.

Beləliklə, Avropaya qaz ixracı üçün alternativ marşrutların yaradılması yalnız enerji daşıyıcılarına artan tələbatın təmin edilməsi üçün deyil, həm də tədarüklərin etibarlılığını təmin etmək üçün lazımdır. Bundan başqa, qazın qiymətlərinin ilbəil artması artıq şübhə altında deyil. Mavi yanacağın qiyməti neftin dünya bazarlarındakı qiymətləri ilə bağlı olsa  da, təcrübə göstərir ki, "qara qızılın" ucuzlaşması qazın dəyərinin azalmasına gətirmir. Yeni qaz tədarükü mənbələrinin olması rəqabəqabiliyyətli qiymətlərə xeyli təsir göstərə bilər.

İtaliyanın Edison şirkətinin proqnozlarına görə, 2014 - ci ilə Avropada  qaza tələbat 15 faiz - ildə 648 mlrd. kubmetrədək artacaq.  2020 - ci ilə Aİ-nin 27 ölkəsi, Norveç, İsveçrə və Türkiyədə qaza tələbat ildə 27 mlrd. kubmetrədək artacaq. 

2014 - cü ildə Avropada qaza tələbatda əsas pay elektrik enerjisi istehsal edən şirkətlərin - ildə 232 mlrd. kubmetr, -  daha sonra  əhalinin payına düşəcək - ildə 210 mlrd. kubmetr. Sənaye sektorunun payı - 181 mlrd. kubmetr  olacaq. Analoji vəziyyət 2020 - ci ildə də gözlənilir; elektrik enerjisi istehsalına - 274 mlrd. kubmetr, əhaliyə - 224 mlrd. kubmetr, sənaye müəssisələrinə - 193 mlrd. kubmetr qaz lazım olacaq.

Edison   2020 - ci ilə Avropanın qaz idxalından asılılığının əhəmiyətli dərəcədə artacağını proqnozlaşdırır. Yanacaq satınalmaları Avropaya lazım olan 720 mlrd. kubmetrin 470 mlrd. kubmetrinə bərabər olacaq. Bununla yanaşı, boru kəməri vasitəsilə idxalın payına 290 - 320 mlrd. kubmetr düşəcək, maye qaz idxalı satınalmaları isə, 150 - 180 mlrd. kubmetr təşkil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti