Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir E.İsmayılov /
Həmtəsisçisi ARDNŞ olan Türkiyənin "Petkim" neft-kimya kompleksi qazın saxlanma həcminin artırılması üçün BP Gas şirkətindən qazın doldurulması və saxlanması üzrə yeni rezervuar park alıb. Bu barədə Trend -a "Petkim" şirkətindən bildirilib. Park Türkiyənin İzmir və Əliağa şəhərləri arasındakı Paşaçiftliyi rayonunda yerləşir.
"Biz maye qazın istifadə çəkisini bu məhsulun və birbaşa vurulan benzinin (nafta) qiymətindən asılı olaraq artırmağı planlaşdırıq", - mənbədən bildirilib. Yeni rezervuar parkı boru kəmərləri vasitəsilə neft-kimya istehsalat sahələrinə birləşdiriləcək.
Mənbədən deyildiyi kimi, neft-kimya kompleksi neft-kimya məhsullarının istehsalında xammal qismində maye qaz və nafta istifadə edir.
Türkiyənin CNN Turk kanalının əvvəlcədən bildirdiyi kimi, rezervuar parkı 26 min kvadratmetr ərazini əhatə edir. Burada bütün lazımi avadanlıqlar yerləşdirilib, həmçinin 4,8 min kubmetr qazın saxlanması da mümkündür. Sazişin dəyəri beş milyon lirə (3,35 milyon dollar) təşkil edir.
Bir müddət əvvəl ARDNŞ ilə Turcas Petrol/Injaz Projects-in alyansı "Petkim" kimya konserninin 51 faizlik səhmlərinin alınması üzrə elan olunan tenderdə 2,04 milyard dollar təklif edərək qalib olmuşdu. Hazırda Türkiyə lazım olan kimya məhsullarının 70-75 faizini idxal edir, SOCAR/Turcas/Injaz-ın "Petkim"in inkişafına yönəltdiyi sərmayələr isə məhsul idxalını 30 faizə qədər azaltmaq imkanı verəcək.
Petkim Petrokimya Holding plastik örtüklər, parçalar, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısı olaraq qalır. Şirkət məhsulun 1/4-ni ixrac edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]