...

Azərbaycanın "Şəfəq" və "Asiman" perspektivli dəniz strukturları qaz yataqları ola bilər

Energetika Materials 24 Fevral 2010 17:23 (UTC +04:00)
Araşdırmaların təhlili ilkin olaraq Azərbaycanın "Şəfəq" və "Asiman" perspektivli dəniz strukturlarında qaz ehtiyatının olmasını göstərir.

Azərbaycan, Bakı, 24 fevral / Trend /

Araşdırmaların təhlili ilkin olaraq Azərbaycanın "Şəfəq" və "Asiman" perspektivli dəniz strukturlarında qaz ehtiyatının olmasını göstərir. Bu barədə neft-qaz bazarındakı mənbə bildirib.

"Qonşu yataqların təhlili "Şəfəq" və "Asiman" strukturlarında qaz ehtiyatının olmasını göstərir", - həcm barədə heç bir məlumat verməyən mənbə deyib.

Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP Bakıdan 125 kilometr cənub-şərqdə yerləşən "Şəfəq" və "Asiman" perspektivli strukturların birgə işlənməsi üzrə PSA tipli müqavilə imzalamağa dair danışıqlar aparır.

"İlk növbədə, gələcək müqavilə karbohidrogen tipli PSA olacaq. Lakin əgər araşdırma işləri nəticəsində tam təsdiq edilsə ki, strukturda məhz effektiv qaz ehtiyatı var, bu zaman müqaviləyə müvafiq əlavələr ediləcək", - bazardakı mənbə deyib.

2009-cu ilin iyununda ARDNŞ və BP Londonda Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq" və "Asiman" perspektivli strukturların birgə geoloji-kəşfiyyatı və işlənməsi üçün anlaşma memorandumu inzalayıblar.

Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-850 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 min metrdir.

BP "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinə dair layihələrə başçılıq edərək Azərbaycanda əsas xarici neft investorudur. BP, həmçinin "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin operatorudur.

Xəbər lenti

Xəbər lenti