...

Azərbaycanda 36 kiçik SES-in tikintisi planlaşdırılır

Energetika Materials 28 Mart 2011 17:06 (UTC +04:00)
İlkin hesablamalara görə, Azərbaycan ərazisində bütün çayların nəzəri hidroenerji potensialı 40 milyard kilovat-saatdır.
Azərbaycanda 36 kiçik SES-in tikintisi planlaşdırılır

Azərbaycan, Bakı, 28 mart /Trend/

İlkin hesablamalara görə, Azərbaycan ərazisində bütün çayların nəzəri hidroenerji potensialı 40 milyard kilovat-saatdır. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında dərc edilən müsahibəsində deyilir.

Onun sözlərinə görə, kiçik su elektrik stansiyalarının nəzəri potensialı isə 28 milyard kilovat-saatdır.

Pirverdiyev bildirib ki, ümumiyyətlə, çaylarda və su təsərrüfatı obyektlərində ümumi gücü 700 MVt, enerji istehsalı isə 3,5 milyard kilovat-saat olan 280 kiçik SES-in tikintisi mümkündür.

O cümlədən yaxın gələcəkdə səmərəliliyinə görə 36 kiçik su elektrik stansiyasının tikintisi daha məqsədəuyğundur.

"Hazırda belə stansiyalardan olan "Göyçay-1", "Balakən-1" və "Qusar-1" kiçik su elektrik stansiyalarında tikinti işləri qrafikə uyğun davam etdirilir. Bölgələrdə dağ çayları və kanalların üzərində kiçik su elektrik stansiyalarının tikintisi üzrə ilkin olaraq toplam gücü 16,3 MVt olan kiçik su elektrik stansiyalarının tikintisinə hazırlıq işlərinə başlanıb. Bu stansiyalar üzrə mühəndis-geoloji axtarış işləri yerinə yetirilib, texniki-iqtisadi əsaslandırma hazırlanıb, layihə-smeta sənədləri hazırlanır", - Pirverdiyev qeyd edib.

2015-ci ilə kimi respublika üzrə iri və kiçik su elektrik stansiyalarının tikintisi layihələrinin həyata keçirilməsi 2 milyon tondan artıq şərti yanacağa qənaət olunmasına, eyni zamanda, atmosferə atılan karbon qazının miqdarının nəzərəçarpacaq dərəcədə azaldılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti