...

Barmek Holding Bakı və Sumqayıt elektrik şəbəkələrində böyük həcmdə çatışmayan aktivlər üzrə ziyanı ödəməli olacaq

Energetika Materials 20 Oktyabr 2006 15:45 (UTC +04:00)

Yaxın günlərdə Bakı və Sumqayıt elektrik şəbəkələrinin Barmek Holding şirkətindən təhvil-təslim prosesi başa çatacaq. Bu barədə Trend ə iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov məlumat verib. "Bu gün elektrik şəbəkələrinin təhvil-təslimi ilə bağlı vəziyyət acınacaqlıdır. Səbəb bundan ibarətdir ki, olmayan aktivlərin siyahısı artıq hazırlanıb və bizim ümidlərimiz özünü doğruldub. Böyük həcmdə aktivlər yoxdur və ziyanın dəqiq məbləği təhsil-təslim aktının başa çatmasından sonra müəyyən olacaq, lakin söhbət kifayət qədər böyük məbləğdən gedir", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, müqaviləyə əsasən qaytarılmayan aktivlər üzrə dəyərin ödənilməsi tələb olunacaq. "Biz müqavilədən kənara çıxmırıq, əgər şirkət ziyanın ödənilməsi üzrə təkliflərimizi qəbul etsə, o zaman bu, məhkəmə təhqiqatı olmadan baş verəcək, əks halda məsələ məhkəmə qaydasında həll olunacaq. Hələ iyun ayında biz pozuntuları aşkar edən zaman məhkəmədə iddia qaldırmışdıq, lakin o zaman məbləğ dəqiqləşdirilməmişdi", - deyə M.Cabbarov bildirib. O istisna etmir ki, gələcəkdə bu, məhkəmə araşdırmasının mövzusu olacaq və məhkəmənin ölkədən kənarda keçirilməsi də mümkündür. Bu gün şirkətin özündə transformatorların, xəttlərin və digər çatışmayan aktivlərin olmaması haqqında ətraflı məlumat var.

Elektrik şəbəkələri 2000-02-ci illərdə Barmek Holding şirkətinin idarəsinə verilib.

Xəbər lenti

Xəbər lenti