...

Özbəkistan beynəlxalq iqlim hüququ və zərərin qiymətləndirilməsi mərkəzinin yaradılmasını təklif edir

Yaşıl iqtisadiyyat Materials 7 Dekabr 2024 16:16 (UTC +04:00)
Özbəkistan beynəlxalq iqlim hüququ və zərərin qiymətləndirilməsi mərkəzinin yaradılmasını təklif edir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan beynəlxalq iqlim hüququ və zərərin qiymətləndirilməsi mərkəzinin yaradılmasını təklif edir.

Trend xəbər verir ki, bu barədə Özbəkistanın Böyük Britaniyadakı səfiri Rövşən Usmanov Londonda keçirilən "Xəzər regionunun enerji təhlükəsizliyi və COP29-un nəticələri" mövzusunda konfransda çıxışı zamanı bildirib.

O, iqlim dəyişikliklərinin ciddiliyini və onların nəticələrini vurğulayıb.

"Bu gün iqlim dəyişiklikləri geosiyasi gərginliyi artıran əsas qlobal çağırışa çevrilib. Biz bu nəticələri Mərkəzi Asiyada da hiss edirik, burada iqlim çağırışları xalqımızın həyat keyfiyyətinin yaxşılaşdırılması yolunda yeni maneələr yaradır", - Rövşən Usmanov.

Özbəkistanın "yaşıl" enerji keçidi sahəsindəki fəaliyyətindən danışan R.Usmanov qeyd edib ki, Özbəkistan beynəlxalq iqlim hüququ və zərərin qiymətləndirilməsi mərkəzinin yaradılmasını təklif edir.

"Biz günəş enerjisi sahəsində layihələri fəal şəkildə təşviq edirik. Son beş ildə beynəlxalq şirkətlərlə 21 000 meqavat gücündə qurğuların tikintisi üzrə 38 saziş imzalanıb. Biz "yaşıl" enerjinin payını 40 faizə çatdırmağı, həmçinin 2040-cı ilədək strateji əhəmiyyətli mineralların istehsalını altı dəfə artırmağı planlaşdırırıq", – deyə o əlavə edib.

COP29-a Azərbaycanın sədrliyi haqqında danışan Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, ən önəmlisi, bütün yayındırıcı amillərə və geosiyasi çağırışlara baxmayaraq, konfrans iştirakçıları və Azərbaycanın sədrliyi əsas məsələyə – iqlim dəyişikliyinə diqqət yetirə bildi.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov qeyd edib ki, iqlim konfransı "regional təşəbbüs, Xəzər COP-u" kimi qəbul edildi. O, COP29-un nailiyyətlərini, o cümlədən 300 milyard dollarlıq iqlim maliyyələşdirilməsi üzrə razılaşmanı vurğulayıb.

"Son 15 il ərzində bu mövzuda müzakirələr aparılsa da, nəticə əldə olunmamışdı. İndi isə bu nəticə Bakıda əldə edildi və bu, son dərəcə vacibdir", - o qeyd edib.

E.Süleymanov ilk dəfə olaraq regionda "yaşıl" keçidə yönəlmiş institusional hərəkatın müşahidə olunduğunu qeyd edib."Bu, xarici yardım deyil, məhz regionun öz təşəbbüsüdür", - o əlavə edib.

O, həmçinin Azərbaycanın və Xəzər regionunun Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki rolunu vurğulayıb.

"Transxəzər yaşıl enerji dəhlizi Mərkəzi Asiya – regionda oyun qaydalarını əsaslı şəkildə dəyişdirir", - E.Süleymanov.

Türkiyənin Böyük Britaniyadakı səfiri Osman Koray Ertaş isə "yaşıl" keçidin iqtisadiyyata və enerji təhlükəsizliyinə xələl gətirmədən həyata keçirilməsinin vacibliyini qeyd edib,

"Vəziyyət olduqca mürəkkəbdir. Bizə qlobal motivasiya və liderlik, eləcə də maliyyələşdirmə aspektləri üzərində gücləndirilmiş işlər lazımdır", - Türkiyənin Böyük Britaniyadakı səfiri deyib.

O.Ertaş bildirib ki, Türkiyə bərpa olunan enerji mənbələrindən istifadəsini artırmaq və enerji təhlükəsizliyinə nail olmaq məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistanla əməkdaşlığı genişləndirmək istəyir.

"Biz enerji təhlükəsizliyinə diqqət yetirməyə və Cənub-Şərqi Avropadakı qonşularımızı dəstəkləməyə davam edirik. Bolqarıstan, Macarıstan, Rumıniya və Serbiya ilə bağlanmış sazişlərimiz var", – deyə o vurğulayıb.

"COP29 region ölkələrinə davamlı energetikaya sadiqliyimizi nümayiş etdirmək üçün platforma təqdim etdi, baxmayaraq ki, qarşımızda unikal çağırışlar var. Biz milli imkanlarımızı ümumi gündəliyə uyğunlaşdırmaq üçün fəal şəkildə çalışırıq", - Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqjan İlyasov qeyd edib.

"Ölkəmizdə enerji qarışığını diversifikasiya etmək vacibdir. Məqsədimiz günəş və külək enerjisindən əlavə, hidrogen, nüvə enerjisi və təbii qaz kimi azkarbonlu enerji mənbələrini inkişaf etdirməkdir", - Qazaxıstanın enerji təhlükəsizliyinə artan diqqətindən danışan o əlavə edib.

"Enerji təhlükəsizliyi getdikcə daha çox regional xarakter alır. Bizim üçün əsas nəticələrdən biri regionu güclü və dayanıqlı enerji icması kimi dərk etməkdir. Əməkdaşlıq yolu ilə bir-birimizi dəstəkləyə bilərik", – deyə Maqjan İlyasov fikrini tamamlayıb.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti