Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir H.Vəliyev/
Çinin ZTE şirkətinin baş ofisinin MDB ölkələrindəki nümayəndələri telekommunikasiya sahəsində layihələrin həyata keçirilməsi ilə tanış olmaq üçün Azərbaycana gəliblər. Bu barədə Trend-ə şirkətin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
ZTE rəhbərliyi dövlət və özəl telekommunikasiya operatorları ilə bir sıra görüşlər keçirib, əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib.
Görüş zamanı genişzolaqlı çıxışın gələcək inkişafı, genişzolaqlı həllərin inkişaf tendensiyası, bazarın təhlili və ilkin təkliflər müzakirə olunub. Görüş zamanı stasionar və mobil rabitə operatorları bazasında müasir telekommunikasiya həllərinin tətbiqi məsələsinə toxunulub.
Bu gün ZTE şirkəti Azərbaycanın bir sıra telekommunikasiya operatoru və provayderi ilə tərəfdaşdır. Şirkət Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Aztelekom, AzEuroTel və "Azercell", "Azerfon" və "Bakcell" mobil rabitə operatorları ilə əməkdaşlıq edir.
ZTE şirkətinin kommersiya direktoru Lyu Syaoszyanın dediyi kimi, şirkət mobil rabitə operatorları üçün mobil terminalların tədarükü ilə məşğul olur.
"ZTE-nin Azərbaycanda inkişafı yerli operatorlarla əməkdaşlıqdan asılıdır ki, onlar da hazırda yaxşı inkişaf edir. Gələcəkdə biz bu əməkdaşlıqda daha fəal iştirak etmək, ölkəyə daha müasir avadanlıq göndərmək niyyətindəyik", - Syaoszya deyib.
ZTE şirkəti simsiz avadanlıq, şəbəkə avadanlığı, məlumatların ötürülməsi və terminal avadanlıqlarının istehsalı ilə məşğul olur. Şirkətin daxili bazarda ən çox yayılmış həlləri stasionar rabitə operatorları üçün həllərdir. Hazırda Azərbaycanın dövlət operatorlarının şəbəkəsi NGN texnologiyasının tətbiqi ilə qurulur, bundan ötrü avadanlıq ZTE şirkətindən alınır. Bu yaxınlarda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə bağlanmış müqaviləyə əsasən, şirkət Bakı şəhəri ATS-lərinin elektronlaşdırılması üçün telekommunikasiya avadanlığının təchizatını planlaşdırır.
ZTE-nin simsiz avadanlığının xəttini WCDMA, GSM, CDMA, TD-SCDMA, PHS və WiMAX təşkil edir. Hazırda ZTE şirkəti tərəfindən GSM şəbəkələrində 90 milyondan çox, CDMA şəbəkələrində isə 80 milyondan çox xətt quraşdırılıb. TD-SCDMA avadanlığı Çin bazarının 50 faizini tutur. ZTE-nin WCDMA sistemi Liviya, Efiopiya, Tunis, Nepal, Tacikistan, Estoniya daxil olmaqla, 20-dən çox ölkədə kommersiya istismarındadır. Şirkət dünyanın 150-dən çox ölkəsində 500-dən çox operatora həllər təklif edir.