Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın dövlət internet-provayderi AztelekomNet-in şəbəkəsində genişzolaqlı qoşulmaların sayı 20 faizə yaxındır. Bu barədə çərşənbə axşamı "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov deyib.
Məmmədovun sözlərinə görə, ümumilikdə respublikanın regionları üzrə bu rəqəm 60 min ədədə çatır, bir o qədər də paytaxtın telekommunikasiya infrastrukturunun payına düşür.
"Əlbəttə, bu rəqəmi hazırda nəzərəçarpacaq adlandırmaq olmaz. Lakin iqtisadiyyat inkişaf etdikcə, o, tədricən artacaq. Bu gün əməliyyatların çoxu qlobal şəbəkənin bazasına əsaslanır. Qiymətləndirmələrimizə görə, 2011-ci ildə genişzolaqlı internetdən istifadə bazarının artımı təxminən 40 faiz təşkil edəcək", - Məmmədov qeyd edib.
Azərbaycanda 2011-2013-cu illər üçün genişzolaqlı internetin inkişaf konsepsiyası üzərində iş aparılır. Konsepsiyada multimedia xidmətlərinin göstərilməsi üçün infrastrukturun inkişafı, eləcə də xidmətlərin kontentinin genişləndirilməsi (bank xidmətləri, elektron ticarət və s.) nəzərdə tutulub.
Genişzolaqlı internetin inkişafında xidmətlərin bu növünə tariflərin azaldılması böyük rol oynayacaq.