Bakı. Trend:
KATV1 Prodüser Mərkəzi Azərbaycan filmlərini ixrac etməyə başlayacaq.
2016-cı ildə Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 şirkətinin Prodüser Mərkəzi Azərbaycanın məşhur bədii filmlərini xarici dillərə dublyaj edib onları elə xarici ölkələrdə prokata buraxmağı planlaşdırır. Dublyaj olunmuş filmlər həmçinin dünyaca məşhur internet-cinema platformalarında da təqdim olunacaq.
KATV1-dən verilən məlumata əsasən, milli kino və teleseriallarımızın xarici kontent-sərgilərində və yarmarkalarında təqdim edilməsi məqsədilə onların adaptə edilmiş kataloqu da yaradılacaq. Məqsəd - Azərbaycanı beynəlxalq kino və teleməhsul aləmində tanıdıb ölkənin informasiya blokadasını aradan qaldırmaqdır.
Onu da qeyd etmək lazımdır ki, yaxın zamanda KATV1 Prodüser Mərkəzi xarici filmləri də Azərbaycan dilinə dublyaj edib, onları ölkədə daha geniş auditoriya kütləsinə təqdim etməyi və daha sonra myvideo.az-a yerləşdirməyi planlaşdırır.
KATV1-də hesab edirlər ki, hal-hazırda ölkədə Azərbaycan dilli kontentə böyük ehtiyac var və sözügedən Prodüser Mərkəzi nəinki Azərbaycan teleprokatının tələbatını, hətta milyonlarla insanın film və serial izlədiyi myvideo.az internet portalının tələbatını da qarşılamağı planlaşdırır.