Bakı. Trend:
Efir analoq yayımının dayandırılması ərəfəsində “Myvideo.az” platforması və “KATV1 Smart” milli telekanalları açıq şəkildə yayımlayacaqlarını bəyan etdilər. KATV1-dən Trend-ə verilən məlumata əsasən, internet istifadəçiləri milli telekanalları www.myvideo.az internet-platforması, Myvideo.az mobil əlavəsi və KATV1 Smart cihazı (set-top-box) vasitəsilə rahat şəkildə izləyə biləcəklər. Milli kanalların qeyd edilən platformalar vasitəsilə izlənməsi üçün heç bir ödəniş tələb olunmur.
Şirkətdə onu da qeyd ediblər ki, yuxarıda adıçəkilən platformların texnologiyası telekanalların on günlük arxivinə maneəsiz və pulsuz girişi də təmin edir. Bu texnologiyanın üstünlüyü ondan ibarətdir ki, istifadəçilər istədikləri verilişi on gün ərzində özləri üçün daha rahat olan vaxtda izləyə bilsinlər. Ayrıca olaraq sözügedən platformalarda həmçinin daim yenilənən xəbərlər, filmlər və seriallar da təqdim olunur.
Qeyd edək ki, efir analoq yayımı Bakı ərazisində 1 noyabr 2016-cı il, Azərbaycanın digər bölgələrində isə 1 dekabr 2016-cı il tarixindən etibarən dayandırılacaq. Qeyd edilən tarixlərdən etibarən yalnız rəqəmli teleyayım fəaliyyət göstərəcək və efir telekanalların izlənməsi üçün əlavə xüsusi cihazlar tələb olunacaq.