Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İsabalayeva/
Mədəniyyət və Turizm Nazirliyi ölkədəki kinoteatrlarda filmlərin Azərbaycan dilində nümayiş etdirilməsinin rusdilli əhalinin kinoteatrlara gəlişinə təsir etməyəcəyi iddiasındadır.
"Ölkədəki kinoteatrlarda filmlərin Azərbaycan dilində nümayiş etdirilməsi o demək deyil ki, kinoteatrlar Azərbaycan dilində film nümayişinə keçdikdə rusdilli tamaşaçılarını itirəcəklər. Film ingilis və ya rus dillərində yayımlanacaq, amma aşağıda subtitr gedəcək. Kinoteatr özü müəyyən edəcək ki, rusdilli tamaşaçısını itirmək ona sərf edir, ya yox. Bütün bu nüansları nəzərə alaraq, kinoteatrlar özləri qərar verib məsələni həll edəcəklər", - bunu cümə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib.
Bu il iyulun 15-dən Azərbaycanın bütün kinoteatrlarında filmlər dövlət dilində nümayiş olunmalıdır. Həmin tarixdən kinoteatrlar artıq xarici filmləri Azərbaycan dilinə dublyaj olunmuş versiyada yayımlamalıdırlar.
Şeyxov deyib ki, nazirlik ölkədəki kinoteatrlarda filmlərin Azərbaycan dilində nümayiş etdirilməsi ilə bağlı qərarının icrasına nəzarət edəcək.
Onun sözlərinə görə, bu qərara əməl etməyən kinoteatrların fəaliyyətinin dayandırılması və ya məhdudlaşdırılacağı nəzərdə tutulmayıb.
"Kinoteatrlarda filmlərin Azərbaycan dilində nümayiş etdirilməsi ilə bağlı qərarın icrasında problemin yaranacağı gözlənilmir. Kinoteatrlar bu qərarı yerinə yetirməyə borcludurlar. Çünki bu ölkənin dövlət dili var", - Şeyxov əlavə edib.
Nazirlik rəsmisi qeyd edib ki, dublyajın daha sadə və mürəkkəb forması var. Kinoteatrlar özləri xarici filmləri Azərbaycan dilində hansı üsulla nümayiş etdirəcəklərini müəyyən edəcəklər.
Şeyxov əlavə edib ki, bu yaxınlarda istifadəyə veriləcək "Nizami" kinoteatrında da filmlər ilk növbədə Azərbaycan dilində nümayiş olunacaq.