...

Murad Sadıx ilk solo-konsertində etiraf etdi: "Mən fiziki qüsurlu deyiləm" (FOTO)

Mədəniyyət Materials 4 Oktyabr 2011 18:16 (UTC +04:00)
3 okyabr tarixində Heydər Əliyev adına sarayda "Yaşayıram oxumaq üçün, oxuyuram yaşamaq üçün" adlı ilk solo-konsert proqramı ilə çıxış edən populyar estrada müğənnisi Murad Sadıx verdiyi bütün vədlərə əməl etdi.
Murad Sadıx ilk solo-konsertində etiraf etdi: "Mən fiziki qüsurlu deyiləm" (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

3 okyabr tarixində Heydər Əliyev adına sarayda "Yaşayıram oxumaq üçün, oxuyuram yaşamaq üçün" adlı ilk solo-konsert proqramı ilə çıxış edən populyar estrada müğənnisi Murad Sadıx verdiyi bütün vədlərə əməl etdi.

Trend xəbər verir ki, pərdələr açılmamışdan öncə konsertin aparıcılıq missiyasını üzərinə götürmüş əməkdar artist, tanınmış estrada müğənnisi Tünzalə Ağayeva səhnəyə çıxaraq səbəbkar haqqında ətraflı məlumat verib, Muradın bu vaxta kimi qazandığı uğur və nailiyyətlərdən ətraflı danışdı. Və beləcə alqış sədaları altında pərdələr qalxdı, səhnədə Rövşən Yusifovun rəhbərlik etdiyi "Hicaz" instrumental ansamblının üzvləri ilə birlikdə Murad Sadıx onu dəstəkləyən tamaşaçıları "Sevməsəm ölərəm" hiti ilə salamladı.

Həmin an çoxlarını bu sual maraqlandırırdı. Görəsən, Muradın səhnə performansı necə olacaq? Sarayın əzəmətli səhnəsində canlı ifa nümayiş etdirməyin öhdəsindən gələcəkmi? Bu və digər sualların cavabı özünü çox gözlətmədi. İstər Azərbaycan, istərsə də rus dilində yazılan mahnıları peşəkarcasına səsləndirən müğənni, zalda əsl coşqu yaratmağa müvəffəq oldu. Sərbəst şəkildə tamaşaçılarla söhbət etməkdən də çəkinməyən Sadıx, özü barədə də olduqca pozitiv danışdı.

"Sevənlərimin əhatəsində olmaq, bu yaşımda Heydər Əliyev adına sarayda çıxış etmək mənə güc verdi. Bu cür diqqətin qarşısında nədənsə şikayətlənməyə haqqım yoxdur. Əksinə, bir etiraf etmək yerinə düşər. Onsuz da doğmalarım, dostlarım mənə əlil kimi baxmırlar. Üzümü sizə tutub deyirəm. Mən fiziki qüsurlu deyiləm. Həqiqətən də müğənnilık fəaliyyətim məni yaşadır, oxumaqla sabaha olan inamımı daha da gücləndirirəm", - Murad belə dedi.

Konsert zamanı bir neçə maraqlı rəqs nömrələri də tamaşaçılara təqdim olundu. Uşaq Filarmoniyasının balaca rəqqaslarının çıxışları, "Spider" şou-baletinin solistlərinin Muradın ifasına uyğun rəqs etmələri tamaşaçıların alqışları ilə mükafatlandırıldı.

Milli Konservatoriyanın dosenti, Uşaq Filarmoniyasında istedadlar yetişdirən musiqişünaş, əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayevanın səhnəyə çıxaraq Muradı layiqli tələbələrindən biri kimi təbrik etdi, onun konsert verməsini öz uğuru kimi qiymətləndirdi. Və sürpriz olaraq iki yeniyetmə tələbəsi - İbrahim Nəsrullayevlə, İslam Qasımovu geniş auditoriyaya təqdim etdi. İstedadlı uşaqların ifaları da alqışlarla müşaiyət olundu.

Aparıcılığın öhdəsindən mükəmməl şəkildə gələn Tünzalə xanım, daha sonra "Hicaz" instrumental ansamblının üzvlərinə fərqli bir musiqi nömrəsi ilə çıxış etmələrinə də şərait yaratdı. Ardınca isə həm özü ifa etdi, həm də Muradla birlikdə ona illər öncə uğur gətirmiş "Sevdi can səni" mahnısını oxudu.

Muradın səhnədə qarşıladığı digər sürpriz qonağı isə populyar estrada müğənnisi Nüşabə Ələsgərli oldu. Nüşabə xanımın repertuarında olan "Ürəyimlə bacarmıram" mahnısını duet kimi ifa edən cütlük yenə də alqışlardan korluq çəkmədilər.

İki saata yaxın davam edən konsertdə M.Sadıx yaraşıqlı görünüşü ilə də az diqqət çəkmədi. Belə ki, tanınmış modelyer Gülnarə Xəlilovanın onun üçün tikdiyi kostyum müğənniyə xüsusi şarm verirdi.

Muradı dəstəkləməyə gələnlər arasında isə bəstəkarlar, əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, Sədaqət Arifqızı, eləcə də gənc bəstəkar-müğənni Arif Səlimov, teleaparıcılar Afaq Gəncəli, Lətafət Ələkbərova, Emin Musəvi, xeyriyyəçi Hacı Nuran, rejissor Nail Naiboğlu və başqalarını görmək olardı.

Konsertindən sonra Trend oxucuları ilə sevincini bölüşən Murad Sadıx, tamaşaçılar qarşısında ilk hesabatından razı qaldığını söylədi. "Başda Heydər Əliyev adına sarayın direktoru Fərhad Babayevə təşəkkür edirəm; mənə sürpriz edib konsert proqramı ilə çıxış etməyim üçün təşəbbüs göstərdi. Sevimli rejissorumuz Gülçöhrə Şəfiyevaya minnətdaram, proqramımı uğurlu təqdim etməkdən ötrü yardım etdi. Müəlliməm Məryəm Babayevaya, yaxın dostum Tünzalə Ağayevaya da var olun deyirəm ki, həftələr ərzində səhnədə yaxşı çıxış etməyimdən ötrü lazımınca dəstəklərini əsirgəmədilər. Valideynlərimə, bacılarıma təşəkkür edirəm ki, bütün günü qulluğumda dayanıb yardımlarını əsirgəmirlər. Mediada fəaliyyət göstərən dostlarıma da sağ olun deyirəm ki, onlar məni tək qoymadılar. Bir sözlə, əməyi keçən, konsetimdə iştirak edən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bundan sonra çalışacağam ki, yeni-yeni mahnılar üzərində işləyim və Allahın köməyi ilə vaxtaşırı konsertlər verib yaradıcılıq hesabatı ilə pərəstikarlarımı sevindirim", - Murad fikirlərini belə tamamladı.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti