...

Şotlandiyalı tuluq zurnaçıları Müqəddəs Endryu Gününü İçərişəhərdə qeyd edəcəklər

Mədəniyyət Materials 22 Noyabr 2012 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Noyabrın 24-də saat 13:00-da Şotlandiya milli musiqi ifaçıları Müqəddəs Endryu Günü münasibətilə İçərişəhərdə yürüş keçirəcəklər. Yürüş Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsidir.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, milli geyimlərində olan Şotlandiya tuluq zurnaçıları öz ifalarını Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra İçərişəhərin küçələrindən keçərək Qız Qalasının yanında yekunlaşdıracaqlar. Tədbir 1 saat davam edəcək.

"Bu cür tədbirlər ikitərəfli maraq doğurur. Bakı Kaledoniya Cəmiyyəti Şotlandiyanın qədim ənənələrini İçərişəhərdə paytaxt sakinləri və qonaqları üçün nümayiş etdirmək və milli mədəniyyəti ilə tanış etdirmək imkanı qazanır. İçərişəhər isə bununla yenidən görməli yerlərində xeyli qonaq qəbul etmiş olacaq, bununla da tarixi irsimizi və tolerantlıq nümunəsi olan mədəniyyətimizi bir daha təbliq etmiş olacağıq", - İdarənin rəisi Mikayıl Cabbarov keçiriləcək tədbir haqqında deyib.

Bakı Kaledoniya Cəmiyyətinin rəhbəri Rod Freyzer qeyd edib ki, bu il Cəmiyyət 15-ci ildönümünü qeyd edir. Kaledoniya Şotlandiyanın qədim adıdır və bu cəmiyyət bütün dünyada yaşayıb çalışan şotlandların toplaşdığı çoxsaylı birliklərdən biridir. Cəmiyyət könüllü əsaslarla fəaliyyət göstərir və Azərbaycanda xeyriyyəçilik məqsədilə vəsait toplamaqla məşğuldur: "15 il ərzində biz böyük həcmdə maddi vəsait toplamışıq və məcburi köçkünlər də daxil olmaqla Bakıda müxtəlif xeyriyyə müəssisələrinə paylamışıq. Düşünürük ki, azərbaycanlı dostlarımızla bizim mədəniyyətimiz haqqında məlumatları bölüşməliyik. Yüzlərlə şotlandiyalı Bakıda yaşayır və bizi burada qəbul edən, özümüzü evimizdəki kimi hiss etməyə şərait yaradan insanlarla öz mədəniyyətimizi paylaşmaq həqiqətən də qürurvericidir. Biz belə bir mədəniyyətlərarası tədbirin təşkilində göstərdikləri dəstəyə görə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, şotlandlar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edir və onun şərəfinə hər il noyabr ayında bayram tədbirləri keçirirlər.

"İçərişəhər" Qoruğu İdarəsi paytaxt sakinlərini və qonaqlarını tədbirə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti