...

Görkəmli bəstəkar Fikrət Əmirovun xatirəsi Los Ancelesdə anılıb (FOTO)

Mədəniyyət Materials 16 Yanvar 2017 11:19 (UTC +04:00)
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda yanvarın 13-də xalqımızın görkəmli bəstəkarı Fikrət Əmirovun (1922-1984) əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Görkəmli bəstəkar Fikrət Əmirovun xatirəsi Los Ancelesdə anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda yanvarın 13-də xalqımızın görkəmli bəstəkarı Fikrət Əmirovun (1922-1984) əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Konsulluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan klassik musiqisinin ABŞ-da təbliği ilə bağlı Baş Konsulluğun silsilə tədbirləri çərçivəsində keçirilən musiqi gecəsi, Los Ancelesin tanınmış Cedars-Sinai Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən, nüfuzlu həkim və səhiyyə xadimlərini özündə birləşdirən "Bir Ürək Xilas Et" Xeyriyyə Cəmiyyəti ilə birgə təşkil olunub.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, F.Əmirovun həm Azərbaycan, həm də dünya musiqisinə əvəzsiz töhfələr verdiyini və öz musiqi məktəbini quraraq, sonrakı nəsillərə böyük bir miras qoyub getdiyini bildirib. Diplomat, 2017-ci ilin F.Əmirovun anadan olmasının 95 illiyinə təsadüf etdiyini vurğulayaraq, bəstəkarın həyat və yaradıcılığı barədə qonaqları məlumatlandırıb. Baş konsul, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dahi bəstəkara hələ sağlığında böyük qiymət verdiyini, onun yaradıcılığına daim diqqət və qayğı göstərdiyini bildirib. Diplomat, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın ölməz mədəniyyət və incəsənət xadimlərinin zəngin irsinin yaşadılması, gənc nəsillərə öyrədilməsi və dünyada tanıdılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirdiyini, F.Əmirovun xalqımız tərəfindən daim ehtiramla yad olunduğunu söyləyib.

Baş konsul, hələ 1959-cu ildə Sovet bəstəkarı Dmitri Şostakoviçin rəhbərliyi altında SSRİ-dən ABŞ-a ezam edilmiş, Sovet klassik musiqisini təmsil edən dörd bəstəkardan birinin məhz F.Əmirov olduğunu bildirərək, bunun dahi bəstəkarın musiqisinin yüksək önəminin göstəricisi olduğunu və səfər müddətində digər ştatlar ilə yanaşı F.Əmirovun Kaliforniyaya da səfər etdiyini diqqətə çatdırıb. F.Əmirovun yaradıcılığının ABŞ-da böyük rəğbət qazandığını qeyd edən N.Ağayev, 20-ci əsrin ən görkəmli dirijorlarından olan Leopold Stokovskinin rəhbərliyi altında F.Əmirovun əsərlərinin Nyu York, Filadelfiya və Hyuston simfonik orkestrləri tərəfindən dəfələrlə böyük uğurla səsləndirildiyini vurğulayıb.

Daha sonra "Bir Ürək Xilas Et" Xeyriyyə Cəmiyyətinin rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və Cəmiyyətin İdarə Heyətinin üzvü Esfir Blauqrund çıxış edərək, F.Əmirovun zəngin musiqi irsinin olduğunu, onun yalnız Azərbaycan musiqisinə deyil, dünya xalqlarının musiqi xəzinəsinə də böyük töhfələr verdiyini bildiriblər. Natiqlər, bu kimi mədəni tədbirlərin Azərbaycanın zəngin musiqi mədəniyyətinin öyrənilməsi baxımından böyük önəm daşıdığını qeyd ediblər.

Çıxışlardan sonra ölməz bəstəkarın "Min Bir Gecə" baletinin video-nümayişi keçirilib. Balet, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti