...

Bakı-Rusiya yeni avtomobil yolunun tikintisi davam etdirilir (FOTO/VİDEO)

Gündəm Materials 7 Sentyabr 2018 12:06 (UTC +04:00)
Yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək
Bakı-Rusiya yeni avtomobil yolunun tikintisi davam etdirilir (FOTO/VİDEO)

Bakı. Trend:

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və keyfiyyətlə tikinti işləri davam etdirilir.

Agentlikdən Trend-ə verilən məlumata görə, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək. Ümumilikdə layihəboyu tikinti işləri layihələndirmə ilə paralel aparılır.

Layihə üzrə 2 ədəd yol qovşağı, 1 ədəd yol ötürücü körpü, 1 ədəd kanal körpüsü, 4 ədəd düzbucaqlı yeraltı avtomobil keçidi, 33 ədəd müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min paqon-metr beton baryerlərin tikilməsi nəzərdə tutulub.

Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Yeni yolun tikinti layihəsinə uyğun olaraq əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək.

Yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonunun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizi ilə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

Xatırladaq ki, 7 dekabr 2017-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti