...

Arısız da bal olur

Maraqlı Materials 14 Mart 2012 16:44 (UTC +04:00)
Son vaxtlar Türkiyədə bal istehsalında saxta metodlardan istifadə edilir.
Arısız da bal olur

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir X.Murtuzayeva/

Son vaxtlar Türkiyədə bal istehsalında saxta metodlardan istifadə edilir. Fırıldaqçılar heç bir arı olmadan bal istehsal etməyə başlayıblar. Bununla bağlı çox maraqlı faktlar aşkara çıxıb.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, Erciyes Universitetinin Kənd təsərrüfatı fakültəsinin biotexnologiya şöbəsinin dosenti Sibel Silici qlükozaya çoxlu tozlar və rənglər qatıldığını, beləliklə də arı olmadan bal əldə edildiyini açıqlayıb.

Silici belə balın hazırlanmasında ətirləndirici və ya rəngləndirici kimi heç bir kimyəvi maddədən istifadə edilmədiyini, onun yalnız təbii maddələrdən ibarət olduğunu söyləyir. Mütəmadi olaraq bal istehsalında istifadə olunan bu metodlar nəticəsində istifadəçilər saxta balı təbii baldan ayırmaqda çətinlik çəkirlər.

"Biz də bunu yalnız laboratoriya şəraitində aşkar etməyə qadirik. Saxta bal kommersiya qlükozası və nişastanın köməyi ilə hazırlanır. Bunu hətta bal adlandırmaq belə doğru olmaz", - o deyib. Silici saxta məhsullarla bağlı təkcə nəzarətin həyata keçirilməsinin kifayət etmədiyini deyib.

Markalanmış və zəmanətli malların satışını təşkil edən Türkiyə Arıçılar Assosiasiyasının prezidenti Bəhri Yılmaz da bal istehsalçılarının hüquqlarının qorunması üçün çalışdıqlarını qeyd edib. "Əslində balın saxtası olmaz. İnsanlar saxta metodlarla hazırladıqları məhsulu bal adı ilə satırlar", - o deyib.

Qeyd edək ki, bal bir çox müalicəvi xüsusiyyətlərə, o cümlədən immun sistemini gücləndirmək qabiliyyətinə malikdir. Təbabətdə arıçılıq məhsullarından müalicə məqsədləri üçün istifadə edilməsi apiterapiya adlanır.

Xəbər lenti

Xəbər lenti