Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan müxalifətinin təmsil olunduğu ittifaq növbəti Qarabağ forumunu keçirib.
Azərbaycanın bir neçə müxalifət partiyası hesab edir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı keçirilən danışıqlar prosesində Ermənistanın maraqlarının təmin olunmasına daha çox çalışır.
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə zidd olan müddəaları qəbul etdirmək istəyi beynəlxalq hüquq normalarına da ziddir", - Trend -un məlumatına görə, bazar ertəsi Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə keçirilən Qarabağ forumunda bildirilib.
Trend -un arayışı: DUİ indiyədək 9 dəfə Qarabağ forumu keçirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Forum iştirakçıları hesab edirlər ki, vasitəçi dövlətlər Dağlıq Qarabağı da tərəf kimi danışıqlar prosesinə cəlb etmək istəyir. "Azərbaycandan Dağlıq Qarabağın statusu ilə bağlı keçiriləcək referendumun vaxtını dəqiqləşdirmək də tələb olunur. Azərbaycan öz dövlət maraqlarına zidd olan bu cür vasitəçilik missiyasından imtina etməlidir", - tədbirdə vurğulanıb.
Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. 2009-ci ilin oktyabr ayında Milli Demokrat Partiyası DUİ-dən çıxarılıb və Milli Qurtuluş Partiyasının quruma üzv qəbul olunması haqda qərar verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]