...

Azərbaycan ATƏT PA-nın sessiyasında Rusiya-Ermənistan hərbi sazişi məsələsini müzakirəyə çıxaracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2010 13:32 (UTC +04:00)
Azərbaycan tərəfi ATƏT PA-nın payız sessiyasında Rusiya-Ermənistan hərbi sazişi məsələsini müzakirəyə çıxaracaq.
Azərbaycan ATƏT PA-nın sessiyasında Rusiya-Ermənistan hərbi sazişi məsələsini müzakirəyə çıxaracaq

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan tərəfi ATƏT PA-nın payız sessiyasında Rusiya-Ermənistan hərbi sazişi məsələsini müzakirəyə çıxaracaq.

"Qurumun payız sessiyası zamanı yeni Rusiya - Ermənistan hərbi sazişi, bu müqaviləyə əsasən işğalçı dövlətin silahlandırılması məsələsi ATƏT rəhbərliyinin diqqətinə çatdırılacaq. Qafqazda rus ordusunun sayının və təsir imkanlarının genişləndiyi şəraitdə, Dağlıq Qarabağ probleminin həllinin uzanacağı ilə bağlı verilən ciddi proqnozlar və bu proqnozun doğurduğu narahatlıqlar barədə fikrimizi bildirəcəyik", - Trend-in məlumatına görə, bunu hakim partiyanın saytına Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova deyib.

ATƏT PA-nın payız sessiyası oktyabrın 8-11-də İtaliyanın Palermo şəhərində keçiriləcək.

Rusiya və Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazası haqqında 1995-ci ildə bağlanmış ikitərəfli müqaviləyə dəyişikliklərin edilməsi barədə protokol imzalayıblar. Dəyişiklik Rusiya bazasının Ermənistanda qalma müddətinin uzadılmasını nəzərdə tutur. "RİA-Novosti" agentliyinin məlumatına görə, protokolları hər iki ölkənin müdafiə nazirləri imzalayıblar. Sənədlərin imzalanması iki ölkə prezidentləri - Dmitri Medvedev və Serj Sarkisyan arasında danışıqların yekununda baş tutub. 1995-ci il müqaviləsinin müddəti 25 il təşkil edirdi, indi isə o, 49 il müddətinə qüvvədə olacaq (1995-ci ildən başlayaraq).

Muradova bildirib ki, Dağlıq Qarabağ münaqişəsi sessiyada müzakirə olunacaq.

"Münaqişələrlə bağlı məsələlər hər zaman ATƏT-in toplantılarında qaldırılır. Təşkilatın payız sessiyasında da belə olacaq. Belə ki, daimi komitənin iclasında, ən azı, məruzəçilər, xüsusi nümayəndələr bu barədə hesabat verəcək və problemlərin həlli istiqamətində atılan addımlar, o cümlədən, Minsk qrupunun fəaliyyəti haqqında məlumatlar veriləcək. Bu hesabatların müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti olaraq hər zaman mövqeyimizi bildiririk", - vitse-spiker qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti