...

Beynəlxalq qurumların Azərbaycan və Ermənistan qarşısında eyni formada tələb qoyması işğalçılığı dəstəkləməkdir - deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2011 15:36 (UTC +04:00)
Snayperlərin geri çəkilməsi bizim maraqlarımıza uyğun deyil. Çünki Ermənistan bizim ərazilərmizdə snayper yerləşdirib, biz Ermənistanın ərazilərində snayper yerləşdirməmişik.
Beynəlxalq qurumların Azərbaycan və Ermənistan qarşısında eyni formada tələb qoyması işğalçılığı dəstəkləməkdir - deputat

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir T.Hacıyev/

Snayperlərin geri çəkilməsi bizim maraqlarımıza uyğun deyil. Çünki Ermənistan bizim ərazilərmizdə snayper yerləşdirib, biz Ermənistanın ərazilərində snayper yerləşdirməmişik. Bunu çərşənbə axşamı Trend-ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.

"Azərbaycan daha üstün mövqe nümayiş etdirməlidir və "Erməni snayperlərinin Azərbaycan ərazisində nə işi var?" və "Onlar niyə Azərbaycan ərazisində olmalıdır?" məsələsini dünya ictimaiyyəti qarşısında qaldırmalıdır", - Mustafa əlavə edib.

O qeyd edib ki, beynəlxalq qurumların Azərbaycan və Ermənistan qarşısında eyni formada tələb qoyması ikili standartdır.

"Belə bir tələb irəli sürməklə beynəlxalq qurumlar Ermənistana dəstək verirlər. Azərbaycanla Ermənistanın bərabər mövqedə tutulması Ermənistana birbaşa dəstəkdir. İşğalçı ilə işğal olunan arasında fərq qoyulmursa, deməli, işğalçıya dəstək verilir", - millət vəkili vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Beynəlxalq qurumlar, xüsusilə də ATƏT-in Misk qrupu tərəfindən Azərbaycan və Ermənistana qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsi təklifi irəli sürülür.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti