...

Politoloq: ATƏT-in Minsk qrupu ötən il ərzində iki məqsədinin heç birinə nail olmadı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Yanvar 2013 14:27 (UTC +04:00)
ATƏT-in Minsk qrupu ötən il ərzində iki məqsədinin heç birinə nail olmadı. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.
Politoloq: ATƏT-in Minsk qrupu ötən il ərzində iki məqsədinin heç birinə nail olmadı

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Minsk qrupu ötən il ərzində iki məqsədinin heç birinə nail olmadı. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, münaqişə tənzimlənmədi, müharibə ehtimalı azalmadı. "Pul dilənən Ermənistan da 2012-ci ildə silah cəbbəxanasını artırmaqla məşğul oldu. Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış duruma vasitəçilər həm fəaliyyətləri, həm də fəaliyyətsizlikləri ilə birbaşa məsuliyyət daşıyırlar", - politoloq deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupu il ərzində yalnız Ermənistanın imitasiya xarakterli addımlarına şərait yaratdı.

"ATƏT Minsk qrupunun məqsədi budursa, hesab etmək olar ki, buna nail oldu. Vasitəçilər ötən il Dağlıq Qarabağda aparılan işlərə, o cümlədən Suriyadan köçən ermənilərin Kəlbəcərdə, Laçında, Zəngilanda və digər işğal olunmuş torpaqlarımızda məskunlaşmasına zərrə qədər də diqqət ayırmadılar", - Əhmədoğlu deyib.

O qeyd edib ki, status-kvonun yolverilməzliyini iddia edən vasitəçilər status-kvoya təsir edən addımlara görə də məsuliyyət daşıyırlar.

Politoloq bildirib ki, Dağlıq Qarabağda keçirilən prezident seçkilərinə, eləcə də Dağlıq Qarabağa aviareyslərin təşkilinə dair vasitəçilərin ortalığa qoyduğu mövqe erməniləri ruhlandırmaq xarakteri daşıyırdı.

"Bütün 2012-ci il ərzində ATƏT MQ həmsədrləri, ATƏT-in baş katibi, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər naziri müharibənin nəticəsinin rəsmiləşdirməklə, ona beynəlxalq don geyindirməklə məşğul olmuşlar. Müharibə sanki çox müqəddəs bir şeydir və onun nəticələrini danmaq beynəlxalq hüququ pozmaq deməkdir", - Əhmədoğlu deyib.

O qeyd edib ki, snayperlərin geri çəkilməsi, qoşunların təmas xəttində insidentlərin tədqiqi mexanizmlərinə başqa ad vermək mümkün deyil. ATƏT təmsilçiləri qoşunları təmas xəttindəki insidentləri öyrənmə mexanizlərini elə hazırlayıblar ki, bununla qoşunların təmas xətti rəsmiləşir. Müharibənin nəticəsini ilahiləşdirən şəxslərdə vasitəçilik psixologiyası ola bilməz.

Politoloq vurğulayıb ki, Ermənistan prezidenti Serj Sarkisyan il ərzində Dağlıq Qarabağ məsələsi ilə bağlı daban-dabana zidd olan bəyanatlar verib, mövqelər nümayiş etdirib.

"DQ münaqişəsinin tənzimlənməsində "ağıllı kompromisin alternativsizliyini" iddia edən Sərkisyan az keçmiş DQ münaqişəsinin yalnız millətlərin öz müqəddaratını təyinetmə prinsipi əsasında tənzimlənməsini, eləcə də DQ-nin tərəf kimi danışıqlar stolu arxasında oturmasını tələb edib. Və ya Azərbaycanla Türkiyəni erməniləri blokadaya almaqda ittiham edərək, DQ-də yaşayan ermənilərlə DQ-də vaxtilə yaşamış, sonradan özlərinin qovub çıxardığı, deportasiya etdiyi azərbaycanlılarla görüşünə qadağa qoyub", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Avropada sərbəst yerdəyişmə prinsipinin prioritet prinsip olduğunu iddia edən Sərkisyan Avropanın tərkib hissəsi elan etdiyi Dağlıq Qarabağa azərbaycanlıların daxil olmasına qadağa qoyub.

Əhmədoğlu qeyd edib ki, "DQR prezidenti" Bako Saakyan iki bəyanatı ilə yadda qaldı: a) Dağlıq Qarabağın statusu müəyyənləşənədək bəzi torpaqların Azərbaycana qaytarılması mümkündür; b) Stolun üstündə tənzimləmə variantı var.

"DQ-də xarici vətəndaşlarla iş üzrə komissiyanın yaradılması barəsində sərəncamın verilməsi Ermənistana Avropa təzyiqlərinin yol tapdığının göstəricisidir. Bu sərəncama azərbaycanlıların DQ-ya qayıtmasına ermənilərin özünəməxsus cavabı kimi yanaşmaq olar.Ermənistan zəifləyir. Ermənistanın ümumi zəifləməsi, Ermənistan dövlətçiliyinin şübhə altına olması göz qabağındadır. Eləcə də belə vəziyyət onun DQ siyasətinə də aiddir. Hər-halda DQ məsələsi Ermənistanda əsas məsələ kimi görünsə də hal-hazırda Ermənistan və dünya erməniləri üçün əsas problem Ermənistan dövlətçiliyinin mövcudluğu, müstəqil siyasət aparması məsələsidir", - politoloq deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti