Azərbaycan, Bakı, 25 yanvar/ Trend , müxbir İ.Əlizadə/ ATƏT-ə sədrlik edən Finlandiya Parlamentinin nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinin azad və demokratik keçirilməsi ilə bağlı məsələləri Bakıda müzakirə edəcək. "ATƏT-in başlıca vəzifələrindən biri təşkilata üzv ölkələrdə seçkilərin azad və demokratik keçirilməsidir. Bizim Azərbaycana səfərimizin əsas məqsədi prezident seçkiləri ilə bağlı məsələləri müzakirə etməkdir" -deyə Azərbaycanda səfərdə olan Finlandiya Parlamentinin xarici əlaqələr komitəsinin sədri Petti Salolaine cümə günü jurnalistlərə açıqlamasında bildirib.
Salolaine qeyd edib ki, Azərbaycan rəsmiləri ilə prezident seçkiləri ilə yanaşı, təhlükəsizlik və regional problemləri müzakirə edəcək.
Onun sözlərinə görə, fevral ayında ATƏT-in hazırkı sədri, Finlandiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək.
"Finlandiya ilə əlaqələr yüksək olsa da, bu əlaqələri genişləndirmək üçün geniş imkanlar var" -deyə o əlavə edib.
Salolainenin başçılığı ilə nümayəndə heyəti Milli Məclisdə, Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcək.