...

Azərbaycanın müxalifət partiyasında narazılıq yaranıb

Siyasət Materials 1 Fevral 2008 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral / " müxbir E.Hüseynli/ Azərbaycanın müxalif Ədalət Partiyası daxilində prezident seçkilərində iştirakla bağlı narazılıq yaranıb. "Ədalət Partiyası seçkilərə öz namizədi ilə qatılmamalıdır"- cümə günü Trend ə partiyanın sədr müavini Elxan Şükürlü bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrda keçiriləcək. Müxalif Müsavat, Demokrat, Milli İstiqlal partiyaları seçkilərdə namizədi ilə iştirak edəcəklərini bildiriblər. Digər müxalif partiyaları olan Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyaları seçki komissiyalarının paritet əsasda formalaşmayacağı təqdirdə, seçkiləri boykot edəcəklərini açıqlayıblar. Hakim Yeni Azərbaycan Partiyası isə, seçkilərdə indiki prezident, partiyanın sədri İlham Əliyevin namizədliyini irəli sürəcəklərini bəyan ediblər.

Şükürlü deyib ki, seçkiqabağı dövrdə xarici qüvvələr, xüsusilə Qərb dövlətləri Dağlıq Qarabağ problemi ilə bağlı müharibə variantından əl çəkmək üçün Azərbaycan müxalifətindən ölkə hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə edəcək. Bu baxımdan Şükürlü hesab edir ki, təmsil etdiyi partiya bu oyunda olmamalı və milli maraqlar naminə müxalifət partiyaları açıq şəkildə İlham Əliyevin namizədliyini dəstəkləməlidir. Onun fikrincə, digər tərəfdən, maliyyə və kadr resursları partiyanın seçkilərdə iştirakına imkan vermir.

Prezident İlham Əliyev son aylardakı çıxışlarında Dağlıq Qarabağ probleminin həllində müharibə variantından istifadə ediləcəyi barədə fikirlər səsləndirib.

Partiya sədrinin digər müavini Mütəllim Rəhimli isə, Trend ə bildirib ki, ədalətçilər seçkilərdə öz namizədi ilə iştirak etməlidir. Onun sözlərinə görə, partiya daxilində seçkilərdə iştirakla bağlı fərqli fikirlər var. "Hesab edirəm ki, partiyanın seçkilərdə iştirkı üçün potensialı var"- Rəhimli əlavə edib.

Müxalifətçi Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cu ildə digər müxalif Demokrat Partiyasına birləşib. 2000 - ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq, partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyək Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. İsmayılov 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti