...

Kosovonun ayrılması sülhməramlıların fəaliyyətinə təsir göstərəcək - Azərbaycanın XİN-i

Siyasət Materials 19 Fevral 2008 12:34 (UTC +04:00)
Kosovonun ayrılması sülhməramlıların fəaliyyətinə təsir göstərəcək - Azərbaycanın XİN-i

Azərbaycan, Bakı, 19 fevral / Trend İ.Əlizadə/ Kosovonun birtərəfli şəkildə ayrılması vilayətdəki sülhməramıların fəaliyyətinə təsir göstərəcək. "Kosovodakı siyasi şərait dəyişib və yeni vəziyyət yananıb. Bu, Kosovodakı sülhməramlılara da təsir göstərəcək" - deyə çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib.

Azərbaycan Milli Ordusunun tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə sühməramlı tabor yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34 hərbçisi var. Azərbaycanlı hərbçilər Kosovonun 18 kəndində nəzarəti həyata keçirirlər. Azərbaycanın Kosovodakı sülhməramlı bölüyü Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərir.

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə ölkəmizin 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post patrul xidməti həyata keçirirlər.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın Kosovodakı sülhməramlılarının gələcək fəaliyyəti ilə bağlı qərar hökumət və Milli Məclis tərəfindən verilməlidir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, təmsil etdiyi qurum azərbaycanlı sülhməramıların Kosovodan çıxarılmasını müzakirə etmir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov isə hesab edir ki, Azərbaycanın Kosovonun müstəqilliyini tanımaması vilayətdəki azərbaycanlı sülhməramlıların fəaliyyətinə təsir göstərməməlidir.

"Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılmasına zərurət yoxdur" - deyə Novruzov bildirib.

Onun fikrincə, Azərbaycan sülhməramlılarının Kosovoda qalması vacibdir: "Burada söhbət Kosovonun müstəqilliyindən və ya hansısa siyasi aktın həyata keçirilməsindən deyil, sülhün qorunub-saxlanılmasından, etnik təmizləməyə yol verilməməsindən, hər hansı qarşıdurmanın qarşısının alınmasından gedir".

Novruzov qeyd edib ki, siyasi rəhbərlik Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılması haqqında qərar qəbul olunması ilə bağlı parlamentə müraciət etməyib. Deputat bildirib ki, NATO rəhbərliyi Kosovodakı sülhməramlı qüvvələrin çıxarılması haqqında qərar qəbul etsə, Azərbaycan parlamenti də qərarı təsdiqləyəcək və sülhməramlılar geri çağırılacaq. "Azərbaycan hərbçiləri Kosovoda sülhməramlı missiyanı yerinə yetirirlər. Bu, dünyada vacib olan işlərdən biridir".

1999-cu ildən formal olaraq Serbiya ərazisinin bir hissəsi olan Kosovo BMT-nin tabeliyindədir. Bazar günü Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Rəsmi Belqrad vilayətin müstəqilliyi ilə barışmaq niyyətində deyil. Artıq bir sıra ölkələr, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə Kosovonun müstəqilliyini tanıyıb. Rusiya, İspaniya, Çin, Yunanıstan, Gürcüstan Belqradın mövqeyini dəstəkləyir və Kosovonun müstəqilliyini tanımaq niyyətində deyillər. Azərbaycan Kosovonun müstəqilliyini tanımaqdan imtina edib.

Xəbər lenti

Xəbər lenti