...

"Həmas" və "Fəth" arasında danışıqlar birləşmə ilə nəticələnməyəcək - ekspertlər

Siyasət Materials 10 Aprel 2008 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı,10 aprel / Trend , müxbir R.Hafizoğlu / Fələstində mübarizə aparan İslami Müqavimət Təşkilatı "Həmas" və hakim "Fəth" partiyası arasında gizli danışıqların aparılması istisna edilməsə də, çox güman ki, bu, təşkilatların birləşməsi ilə nəticələnməyəcək.

Ərəb KİV-i "Həmas"la "Fəth" arasında birləşmə barədə gizli danışıqlar aparıldığını bildirirlər. Aprelin 9-da İsrailin "DEBKA" xəbər portalı məlumat verib ki, Fələstin prezidenti Mahmud Abbas rəsmən "Həmas"la danışıqlar aparmadığını bildirsə də, iki təşkilatın bəzi məsələlərdə ümumi razılığa gəlməsi bildirirlir.

" "Fəth" və "Həmas" təşkilatları arasında gizli danışıqların aparılması mümkün deyil" - deyə "Həmas"ın mətbuat katibi Sami Əbu-Zühri Trend a bildirib. ""Həmas" öz fəaliyyətində şəffafdır və birləşmək niyyətimiz olsaydı, bunu rəsmən bəyan edərdik" - deyə o, cümə axşamı Qəzzədən telefonla bildirib.

"Həmas" rəsmisi hesab edir ki, təşkilatların birləşməsi qeyri-mümkündür. "Fələstinlilərin maraqlarına zidd siyasət aparan bir təşkilatla "Həmas"ın birləşməsi barədə söhbət ola bilməz" - deyə o vurğulayıb.

"Fəth"in mətbuat katibliyi isə Trend a bu mövzuyla baglı açıqlama verməkdən imtina edib.

" "Həmas"la "Fəth" arasında danışıqların olması onların birləşməsi demək deyil" - deyə "Fəth"yönümlü politoloq İsam Məhəmməd Trend a bildirib. O hesab edir ki, "Fəth" və "Həmas" təşkilatlarının birləşməsi qeyri-mümkündür. " "Həmas" və "Fəth" bir-birindən həm ideoloji, həm də siyasi görüşlərinə görə fəqlənirlər" - deyə Qəzzə İslam Universitetinin dekanı Məhəmməd cümə axşamı Qəzzədən telefonla bildirib.

Politoloq hesab edir ki, iki təşkilat arasında gizli danışıqların keçirilməsi istisna deyil. Görüşlərin əsas hədəfi isə fələstinlilərin ümumi maraqlarına xidmət edir. " "Həmas" həmişə ədalətli danışıqlara hazır olub və bunu dəfələrlə bəyan edib. Lakin bir çox dövlətlər və siyasi qurumlar təşkilatla danışıqları qəbul etmək istəmirlər. Bu da Abbas və sionistlərin yürütdüyü uğurlu siyasətin nəticəsidir" - deyə o qeyd edib.

Fələstindəki "MƏAN" İnformasiya Agentliyinin direktoru politoloq Nasir Ləhham da hesab edir ki, "Fəth" və "Həmas" təşkilatları arasında danışıqların keçirilməsi onların birləşməsi kimi qəbul edilməməlidir. "Bu təşkilatların bir-birindən əsas fərqi "Həmas"ın daha sərt və radikal olması, "Fəth"in isə İsrailə qarşı daha liberal siyasət nümayiş etdirməsidir" - deyə Ləhham cümə axşamı Ramallahdan telefonla Trend a bildirib.

Politoloqun fikrincə, Abbasın "Həmas" təşkilatı ilə siyasi danışıqlara getməsi İsrail-Fələstin sülh danışıqlarına ciddi zərbədir. " "Həmas" təşkilatı heç bir dövlət tərəfindən rəsmən qəbul edilmir və qəbul edilməyən bir təşkilatla rəsmi dövlət qurumunun danışıqlar aparması o qədər də inandırıcı deyil" - deyə Ləhham bildirib.

Məqalənin müəllifi ilə trend ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti