...

Azərbaycan Ermənistanın Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupundan uzaqlaşdırılmasını tələb edir

Siyasət Materials 28 Aprel 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Ermənistanın Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupundan uzaqlaşdırılmasını tələb edir. "Ermənistanda demokratik şərait yaranmayana qədər bu ölkənin nümayəndə heyətinin Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunda fəaliyyətini bərpa etməsinə imkan verməyəcəyik",-deyə bazar ertəsi Trend -a açıqlamasında Azərbaycanın Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupundakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Siyavuş Novruzov bildirib.

Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının vasitəçiliyi ilə bir neçə il əvvəl Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrindən ibarət Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu yaradılıb. Hazırda Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupuna Azərbaycan rəhbərlik edir. Lakin bir ilə yaxındır ki, qrupun iclasları keçirilmir. Razılaşmaya görə, iclaslar altı aydan gec olmayaraq keçirilməlidir.

"Ermənistanda ötən il keçirilən parlament seçkilərindən sonra bu ölkə Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupundakı nümayəndə heyətini formalaşdırmaqdan və iclaslarda iştirak etməkdən imtina edirdi. Lakin saxta prezident seçkilərindən sonra ermənilər cəhd göstərirlər ki, qrupdakı fəaliyyətlərini bərpa etsinlər. Bu dəfə isə Azərbaycan Ermənistan nümayəndə heyətinin Təşəbbüs Qrupundakı fəaliyyətini bərpa etməsinə etirazını bildirəcək. Ermənistan nümayəndə heyəti ilə birlikdə fəaliyyət göstərməkdən imtina edəcəyik", -deyə nümayəndə heyətinin rəhbəri əlavə edib.

Onun sözlərinə görə, Təşəbbüs Qrupunda qəbul olunan qərarların böyük əksəriyyəti Ermənistanın əleyhinədir və ermənilərin işğalçılıq siyasətini ifşa edir: "Ona görə də Ermənistan çalışırdı ki, iclaslara qatılmasın. İndi isə hansısa səbəblərə görə mövqelərini dəyişiblər".

Novruzov bildirib ki, Təşəbbüs Qrupunun fəaliyyətini davam etdirib-etdirməyəcəyi sual altındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti