Azərbaycan, Bakı, 10 may / Trend / Azərbaycanın prezidenti İlham Əliyev mayın 10-da, ümummilli lider Heydər Əliyevin doğum günü paytaxtın Fətəli xan Xoyski və Xətai prospektlərini birləşdirən Əhməd bəy Ağaoğlu küçəsində tamamilə yenidən qurulmuş yolun açılışında iştirak emişdir.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, bu avtomobil yolunun böyük bir hissəsi yeni salınmışdır. Prezident İlham Əliyevin Bakının mərkəzi hissəsində nəqliyyatın hərəkətinin sıxlığının aradan qaldırılması barədə tapşırığına uyğun olaraq salınmış yolun ümumi uzunluğu 1,5 kilometrdir. Bunun 1,15 kilometri yenidən salınmış, 350 metrlik hissəsi isə genişləndirilmişdir. Yol dörd hərəkət zolaqlıdır. Tikinti zamanı 56 min kubmetr torpaq işi görülmüş, yola 15 min ton asfalt-beton döşənmiş, 3 kilometrlik səki daşları düzülmüşdür. Yol boyunca 750 metrlik istinad divarı inşa olunmuş, ətrafda abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Bu yol ətraf ərazidə tıxacların aradan qaldırılması baxımından əhəmiyyətlidir və Xətai prospektindən birbaşa "Gənclik" meydanına çıxışı təmin edir.
Dövlətimizin başçısı yüksək keyfiyyətli yol saldıqlarına görə inşaatçılara və nəqliyyatçılara minnətdarlığını bildirdi, paytaxtda nəqliyyatın sıxlığının aradan qaldırılması ilə bağlı hazırda görülən və gələcəkdə nəzərdə tutulan tədbirlərlə bağlı tövsiyə və tapşırıqlarını verdi.