...

Azərbaycan nümayəndə heyəti AŞPA-nın həmməruzəçisini səlahiyyət həddini aşmaqda ittiham edir

Siyasət Materials 22 May 2008 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti təşkilatın həmməruzəçisi Andres Herkeli səlahiyyət həddini aşmaqda ittiham edir. "Həmməruzəçi Andres Herkelə AŞPA-nın adından danışmaq səlahiyyəti verilməyib. Təşkilatda qəbul olunmamış hər hansı qərar və ya sənədlə bağlı Herkel AŞPA kimi böyük və nüfuzlu bir təşkilatın adından bəyanat verə bilməz", - deyə cümə axşamı Trend -a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib.

Herkel bildirib ki, AŞPA-nın yay sessiyasında Azərbaycana qarşı sanksiyalar tətbiq oluna bilər. O, buna səbəb kimi Azərbaycanda üç jurnalistin həbsdə olmasını göstərib.

AŞPA-nın yay sessiyasında Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunacaq.

"Herkel bildirib ki, əgər həbsdə olan üç jurnalist azadlığa buraxılmasa,J Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məruzə çox sərt olacaq. Həmməruzəçi belə bir bəyanat verməklə Azərbaycanla açıq şəkildə siyasi alverə getmək istəyir. Herkel belə bir bəyanat verməməlidr. O, hadisələri izləməli və obyektiv məruzə hazırlamalıdır. Herkelin bəyanatından sonra məruzənin obyektiv olacağı şübhə doğurur", - deyə nümayəndə heyətinin rəhbəri əlavə edib.

Mirzəzadə bildirib ki, AŞPA-nın yay sessiyasında həmməruzəçinin bəyanatı ilə bağlı məsələ qaldırılacaq: "Herkel müxalifəti təmsil edən siyasi partiya nümayəndəsi kimi danışır. Azərbaycanın nümayəndə heyəti sessiyada həmməruzəçinin salahiyyət həddini aşmasını gündəmə gətirəcək və bəyanatlara cavab verəcək".

Onun fikrincə, sessiyada Azərbaycana qarşı hər hansı sanksiya tətbiq oluna bilməz. Çünki öhdəliklər yerinə yetirilib.

"Monitorinq aparılan ölkə ilə bağlı AŞPA-da müzakirələr aparılması adi haldır. Azərbaycan müzakirələrə hazırdır", - deyə nümayəndə heyətinin üzvü əlavə edib.

Azərbaycan 2001-ci il yanvarın 7-də Avropa Şurasına tam hüquqlu üzv qəbul olunub. Azərbaycan öz üzərinə bir sıra öhdəliklər götürüb və onların yerinə yetirilməsinə nəzarət etmək üçün həmməruzəçilər təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti