Azərbaycan, Bakı, 04 iyun/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) BMT Baş Məclisinin 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı Qətnaməyə , ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin (ABŞ, Fransa, Rusiya) əleyhinə səs verməsi ilə bağlı İnternet sorğusu keçirib. YAP-ın mətbubat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, sorğuda iştirak edənlərin 65 faizi Minsk qrupunun həmsədrlərinin səsvermə zamanı tutduqları mövqeni "çox mənfi" qiymətləndirib.
Trend -un arayışı: Bu ilin mart ayında BMT Baş Məclisinin 62-ci sessiyasında Azərbaycan tərəfi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsini səsverməyə çıxarmışdı. Ölkəmizin mühüm diplomatik uğuru olan bu sənədin qəbul olunmasına baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri (ABŞ, Fransa, Rusiya) səsvermə zamanı Qətnamənin əleyhinə səs vermişdi.
YAP-ın rəsmi saytında keçirilən sorğuda rəyi soruşulanlara "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı Qətnaməyə səsvermə zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) tutduğu mövqeyə necə münasibət bəsləyirsiniz?" sualı ünvanlanıb. Sorğuda iştirak edənlərin 65 faizi Minsk Qrupu həmsədrlərinin səsvermə zamanı tutduqları mövqeni "çox mənfi" qiymətləndirib, 4 faizi "mənfi", 26 faizi isə, "bunun gözlənilən olduğunu" bildirib.
Sorğunun nəticələrini şərh edən hakim partiya bəyanatında bildirib ki, cavabların bir-biri ilə yaxın və əsasən, mənfi təmayüldə olması heç də təsadüfi deyil. Heç kəs inkar etmir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində, ATƏT-in Minsk Qrupu yarandığı vaxtdan (1992) indiyədək mühüm işlər görmüş, tərəflərin mövqeyini uzlaşdırmaq baxımından müəyyən addımlar atılmışdır. Lakin təəssüflər olsun ki, beynəlxalq aləmdə böyük nüfuza sahib olan ATƏT kimi təşkilat münaqişənin həllində lazımi qətiyyəti göstərmir və bu amil konfliktin uzanmasına və dərinləşməsinə gətirib çıxarır.
Bəyanatda daha sonra qeyd olunub ki, Minsk Qrupunun həmsədri olan ölkələr dünyada və regionda kifayət qədər nüfuzlu və aparıcı dövlətlərdir və onlar təcavüzkar Ermənistana təsir göstərmək üçün yetərincə güclü vasitələrə malikdirlər. Həmçinin, həmsədr dövlətlər BMT Təşlükəsizlik Şurasının daimi üzvləridirlər və BMT-nin işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair dörd məlum Qətnamənin yerinə yetirilməsini tələb edə bilərlər.
YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]