...

Azərbaycan Avropa Şurası qarşısında götürdüyü daha bir öhdəliyi payızda yerinə yetirəcək

Siyasət Materials 10 İyul 2008 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Avropa Şurası qarşısında götürdüyü daha bir öhdəliyi payızda yerinə yetirəcək. "Azərbaycanın "Alternativ xidmət haqqında" qanun layihəsi hazırdır və parlamentin payız sessiyasında qəbul olunacaq", - deyə cümə axşamı parlamentin yaz sessiyasının yekunlarına dair mətbuat konfransında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Trend -un arayışı: Azərbaycan 2001-ci il yanvarın 7-də Avropa Şurasına tam hüquqlu üzv olub. Azərbaycan Avropa Şurasının standartlarına uyğunlaşmaq üçün öz üzərinə bir sıra öhdəliklər götürüb. Həmin öhdəliklər arasında "Alternativ xidmət haqqında" qanun layihəsinin qəbul olunması da var. Qanunun qəbul olunması parlamentin yaz sessiyasının gündəliyinə daxil edilsə də, layihə müzakirəyə çıxarılmayıb.

Əsgərov vurğulayıb ki, "Alternativ xidmət haqqında" qanun layihəsi rəy verilməsi üçün Avropa Şurasına göndərilib və qurumun ekspertləri layihəyə rəy veriblər. Hazırda bu rəy öyrənilir.

"Azərbaycan müharibə şəraitində olan ölkədir və "Alternativ xidmət haqqında" qanun layihəsi də müharibənin tələblərinə uyğun olmalıdır. Hazırda parlament digər dövlət orqanları ilə bu qanun haqda məsləhətləşmələr aparır", - deyə birinci vitse-spiker bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti