...

Azərbaycanın müxalifət partiyaları arasında kütləvi tədbirlərin keçirilməsi üçün ayrılmış yeni yerlərlə bağlı fikir ayrılığı var

Siyasət Materials 10 Sentyabr 2008 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalifət partiyaları arasında kütləvi tədbirlərin keçirilməsi üçün ayrılmış yeni yerlərlə bağlı fikir ayrılığı var.

Azərbaycanın müxalif Böyük Quruluş Partiyasının (BQP) sədri, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi tədbirlərin keçirilməsi üçün ayrılmış yerlərin şəhərin mərkəzindən kənarda olmasını əhəmiyyətli məsələ hesab etmir. "Kütləvi tədbirlərin keçirilməsi üçün təqdim olunan yerlərin siyahısında şəhərdən kənarda olmayan normal şəraiti olan yerlər də var. Həmin yerlərdə təbdir təşkilatçısı kifayət qədər tərəfdar toplaya bilər", - deyə Qəzənfəroğlu çərşənbə günü Trend -a bildirib.

Trend -un arayışı: Bakı Şəhər İcra Hakimiyyəti "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna müvafiq olaraq, paytaxtın rayonlarında toplantıların keçirilməsi üçün ayrılmış açıq yerlərin ünvanlarını müəyyənləşdirib.

Qəzənfəroğlunun fikrincə, təqdim olunan yerlərdə kütləvi tədbirlərin keçirilməsi üçün texniki təchizat problemlərinin necə həll olunacağı ilə bağlı monitorinq aparılmalıdır: "Siyasi partiyalar və QHT təmsilçiləri ayrılmış yerlərlə bağlı rəy hazırlamalıdırlar. Rəylər əsasında həmin yerlərdə kütləvi aksiyanın keçirilməsinin mümkün olub-olmaması məsələsi aydınlaşacaq.

Bundan sonra yerlərin nə qədər uğurlu olması ilə bağlı birmənalı münasibət yarana bilər".

BQP sədri bildirib ki, təbliğat-təşviqat kampaniyası dövründə partiya Bakıda və regionlarda kütləvi tədbirlər keçirəcək. "Kütləvi tədbirlərin keçirilməsi üçün ayrılmayan yerlərdə kütləvi tədbirlər keçirmək marağımız yoxdur. Çünki kütləvi tədbirləri qarşıdurma niyyəti ilə deyil, əhalidən səs almaq məqsədilə keçirəcəyik", - deyə Qəzənfəroğlu bildirib.

"Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış yeni yerlər əslində əvvəlki yerlərdən heç nə ilə fərqlənmir.

"Kütləvi tədbirlərin keçirilməsində məqsəd mövcud problemləri ictimaiyyətin diqqətinə çatdırmaqdır. Onların keçirilməsi üçün şəhərdən kənar yerlərin ayrılmasında məqsəd kütləvi tədbirin mahiyyətini heçə endirmək və tədbir keçirən tərəfin mövqeyinin, tədbirin məqsədinin ictimaiyyətə çatdırılmasının qarşısını almaqdır", - deyə Əliyev Trend -a bildirib.

Əliyevin sözlərinə görə, birgə bəyanat imzalamış müxalif siyasi təşkilatlar kütləvi tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparacaq. "Aksiyaların keçirilib-keçirilməməsi barədə qərar təbliğat-təşviqat dövrünün xarakterindən asılı olacaq", - deyə o bildirib.

VİP sədri əlavə edib ki, birgə sənəd imzalamış siyasi təşkilatlar ayrılmış yeni yerlərdə kütləvi tədbirlər keçirmək niyyətində deyil. "Əgər kütləvi tədbir gözdən uzaq yerdə keçirilsə, cəmiyyətin diqqətinə çatdırılmayacaq. Hesab edirəm ki, kütləvi tədbirlərin insanların rahat gələ bildiyi, mərkəzə yaxın yerlərlərdə keçirilməsi məqsədəuyğundur", - deyə Əliyev bildirib.

Trend -un arayışı: Ötən həftə "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası və Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15-də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib. Sənədi imzalayan siyasi təşkilatlar birgə kütləvi aksiyalar keçirmək niyyətində olduqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti