...

Azərbaycanın tədqiqatçı - yazıçısının "Nadir şah" romanının təqdimat mərasimi keçirilib

Siyasət Materials 20 Noyabr 2008 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycan tarixini araşdıran tədqiqatçı Yunus Oğuzun "Nadir şah" tarixi romanının təqdimat mərasimi keçirilib.

"Bu romanı Azərbaycan ədəbiyyatında hadisə hesab etmək olar. Ona görə, təbliğatını daha geniş miqyasda aparmağa ehtiyac var", Trend -un məlumatına görə, cümə axşamı Atatürk Mərkəzinin direktoru, millət vəkili, əsərə ön söz yazmış Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, "Nadir şah" romanında Azərbaycan xalnqının millətə çevrilməsindən bəhs edilir: "Müəllif rəsmi sənədlərə istinad edib, əsərdə bədii təxəyyül yoxdur. Bu roman bütün dünyada bizə şöhrət gətirəcək", - Cəfərov vurğulayıb.

"Yunus Oğuz Nadir şahın həyatından bədii - tarixi əsər yazıb", - xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Atatürk Mrəkəzində keçirilən təqdimat mərasimində deyib.

Rüstəmxanlı uzun müddət tarixi şəxsiyyət olan Nadir şah barəsində Azərbaycanda əsər yazılmamasına təəssüflənib: "Yunus bəy həmin tilsimi qırdı. Onun romanını Məmməd Səid Ordubadinin "Qılınc və qələm" əsəri ilə müqayisə etmək olar. Yunus bəy Nadir şah barəsində daha zəngin tarixi məlumatlar əldə edib", - xalq şairi qeyd edib.

Onun fikrincə, Azərbaycan tarixini özümüz yazmalıyıq: "Bu zaman bizim millətə qarşı olan qüvvələrin də qarşısını almaq olar", - Rüstəmxanlı söyləyib.

"Bu roman tarixin həqiqəti, həqiqətin tarixidir", - xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub deyib.

Onun sözlərinə görə, Oğuzun romanını oxuyanlarda Azərbaycanın həqiqi çoğrafi ərazisi haqqında tam təsəvvür yaranacaq: "Bu romanda bugünkü faciələrimizin əsl səbəbləri də üzə çıxıb. Əsər təkcə Azərbaycanda yox, Türkiyədə də təbliğ olunmalıdır", - Yaqub vurğulayıb.

"Yunus bəyin romanı indiki və gələcək nəsillər üçün çox əhəmiyyətlidir. Ona görə hər bir gəncə "Nadir şah" tarixi romanını oxumağı məsələhət görürəm", - millət vəkili Qənirə Paşayeva bildirib.

O deyib ki, Azərbaycan tarixinin yenidən yazılmasına ciddi ehtiyac var: "Keçmiş SSRİ vaxtında tariximiz yanlış yazılıb. Gələcək nəsillərimizə yalnız belə yeni və tarixi həqiqətləri özündə əks etdirən əsərləri oxumağı məsələhət görürəm. Ona görə ki, mən Yunus bəyin romanını oxuyanda Nadir şahı yenidən kəşf etmişəm. Halbuki uzun müddət tarixi qəhrəmanımız olan Nadir şahı düşmən kimi təqdim ediblər. "Nadir şah" tariximizlə bağlı hər birimizin ibrət götürəcəyi əvəzsiz bir əsərdir", - Paşayeva xatırladıb.

"Nadir şah haqqında gəncələrimizin əksəriyyətinin təsəvvürü yoxdur. Oğuzun romanı Nadir şahı düşmən kimi təqdim edənlərə tarixi əhəmiyyətli bir cavabdır", - millət vəkili Aqil Abbas deyib.

Onun sözlərinə görə, ən böyük problemimiz yazılan belə əsərlərin təbliğatının aparılmamasıdır: "Əvvəllər ali təhsil ocaqlarında və orta məktəblərdə tanınmış yazıçı və şairlərlə tez- tez görüşlər keçirilərdi. Belə görüşlərin bərpasının vaxtı çatıb. Yunuz bəyin romanı da təbdliğat üçün çox dəyərlidir", - Abbas vurğulayıb. "Bu tarixi romanı yazmaq üçün uzun müddət hazırlaşsam da, 70 günə yazıb çap etdirmişəm" - cümə axşamı Trend -a eksklüziv açıqlamasında "Nadir şah" romanının müəllifi Yunuz Oğuz bildirib.

O deyib ki, Nadir şahı uzun müddət həm farslar, həm də ruslar mənfi obraz kimi təqdim ediblər: "200 - dən çox mənbəni araşdırandan sonra belə qənaətə gəldim ki, əksinə, Nadir şah tamamilə müsbət xarakterli şəxsiyyət olub", - müəllif vurğulayıb.

Oğuzun sözlərinə görə, Azərbaycanın tanınmış tarixçi alimlərinin "Nadir şah" romanı barədə söylədikləri müsbət fikirlər tamamilə üst-üstə düşür: "İndi ölkəmizdə çap olunan yeganə əsərdir ki, oxucular tərəfindən alınır. Deməli, Azərbaycanda kitab oxunmaması həqda deyilənlər yanlış fikirlərdir. Sadəcə, maraqlı əsərlər yazmağa ehtiyac var", - tədqiqatçı-yazıçı deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti