...

Kipr danışıqlarında ən çətin məqam idarəetmə formasını müəyyənləşdirməklə bağlı olacaq

Siyasət Materials 25 Noyabr 2008 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbirlər B. Həsənov, E. Tariverdiyeva/ Kipr danışıqlarında adanın necə idarə ediləcəyi hələlik müzakirə olunmasa da, bu məsələnin danışıqlar prosesində ən çətin məqam olacağı gözlənilir.

"Kiprdə qurulacaq dövlətin yunanların, türklərin, yoxsa ikihakimiyətli bir hökumətin idarəçiliyində olacağı adada aparılan danışıqlarda həlli vacib olan ən önəmli problemdir", - deyə britaniyalı ekspert Ceyms Ker Lindsey (James Ker-Lindsay) çərşənbə axşamı elektron poçtla Trend -a bildirib.

Yunan və türk Kipri arasındakı danışıqlar noyabrın 25 - də davam etdirilib. Bu barədə Rusiyanın "Ria-Novosti" informasiya agentliyi məlumat verib.

Kipr adası Aralıq dənizində, Türkiyənin 65 kilometrliyində yerləşir. Əhalisi yunanlardan və türklərdən ibarətdir. 1974 - cü ilədək adada vahid müstəqil dövlət mövcud idi. Kiprli yunanlar "Enosis" adlandırdıqları və Kiprin Yunanıstana birləşdirilməsini nəzərdə tutan planı həyata keçirməyə başladıqdan sonra, Türkiyənin hərbi müdaxiləsi ilə Kiprin türklər yaşayan hissəsində müstəqil Şimali Kipr Türk Respublikası quruldu. Lakin bu dövlət təkcə Türkiyə tərəfindən tanınır. Beynəlxalq aləmdə isə, adanı təmsil edən dövlət kimi, Kiprin cənubunda qurulan Yunan Kipr dövləti tanınır. BMT və Avropa İttifaqının təşəbbüsləri ilə adadakı iki dövlətin vahid hakimiyyət altında birləşdirilməsinə cəhd edilsə də, nəticə yoxdur. Bu təşəbbüslərin ən əhəmiyyətlilərindən biri olan 2004 - cü il Annan Planı referendumu da, kiprli yunanların rədd etməsi nəticəsində, həyata keçirilə bilmədi. Hazırda Kipr Türk Respublikası ilə Kipr Yunan Respublikası arasında danışıqlar davam etdirilir.

Şimali Kiprin, Xalq Üçün Siyasət (HİS) partiyasının başçısı Əhməd Yönlüər hesab edir ki, Kipr probleminin həlli iki cəmiyyətli, iki dilli və iki hakimiyyətli dövlət prinsipi əsasında həll edilməsə, adadakı türklər assimiliyasiyaya uğrayacaqlar. "Kiprdə təkhakimiyyətli bir dövlətin qurulması burada Yunan dövləti qurulması deməkdir və bu da adadakı türklərin milli azlıq kimi qalmasına gətirib çıxaracaq", - deyə Yönlüər çərşənbə axşamı Lefkoşadan telefonla Trend - a bildirib. Yönlüər Türkiyənin mövqeyi nəzərə alınmadan Kiprdə danışıqların nəticə verməyəcəyi qənaətindədir. Britaniyalı ekspert Lindsey də danışıqlar prosesində Türkiyənin rəyinin nəzərə alınmasının vacib olduğunu bildirib. Onun sözlərinə görə, problemin ən ideal həlli iki cəmiyyətli bir dövlətin yaradılmasıdır, lakin bu məsələdə ən böyük problem idarəçilikdə kimin daha çox rol oynayacağıdır. "Müzakirələrdə nikbinlik nümayiş etdirilsə də, tərəflər hələ də bu məsələ ilə bağlı heç bir razılığa gəlməyiblər", - deyə Lindsey bildirib. Kipr Yunan Respublikası xarici işlər nazirliyinin mətbuat və informasiya şöbəsinin direktoru Androula Lanitis də hazırda adanın kimlər tərəfindən idarə olunacağının müzakirə olunmadığını və bu haqda konkret razılaşma olmadığını bildirib. Lanitisin sözlərinə görə, hazırda adada federasiya yaradılması məsələsi müzakirə olunur. "Federasiya statusu daşıyacaq dövlətdə tərəflərin bərabərhüquqlu bir sistemin qurulması nəzərdə tutulur",- deyə Lanitis çərşənbə axşamı telefonla Trend -a bildirib.

Şimali Kipr Türk Respublikasının prezidenti Məhmət Əli Tələt və Kipr Yunan Respublikasının prezidenti Dmitris Hristofyasın mayın 23 - də əldə etdikləri razılığa əsasən, Kiprdə "iki qurucu dövlətin bərabər statusu" prinsipinə əsaslanan danışıqlar prosesi başlayıb.

Xəbər lenti

Xəbər lenti