...

Azərbaycanlı deputat Ermənistanda siyasi məhbus məsələsinin xüsusi təhqiq edilməsi tələbini irəli sürüb

Siyasət Materials 28 Aprel 2009 16:47 (UTC +04:00)
Azərbaycanlı deputat Ermənistanda siyasi məhbus məsələsinin xüsusi təhqiq edilməsi tələbini irəli sürüb

Fransa, Strasburq, 28 aprel / Trend , müxbir A.Məhərrəmli /

Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) üzvü Rafael Hüseynovun qurumun yaz sessiyası çərçivəsində "Avropada siyasi məhbuslar problemi və Ermənistanda siyasi məhbuslar məsələsinin xüsusi təhqiq edilməsi zərurəti"adlı Qətnamə üçün təklif sənədi yayılıb. Trend -un məlumatına görə, çərşənbə axşamı bu barədə jurnalistlərə açıqlamasında Hüseynov bildirib.

"Vaxtilə Avropa Şurasında Trexsel, Alkina və Arabaçeyivdən ibarət ekspert qrupu yaradıldı. Bu qrup Avropada siyasi məhbus anlayışını müəyyənləşdirən beş prinsip irəli sürdü. Bu prinsiplər üzrə təhqiqat yalnız Azərbaycan üzrə aparılırdı. Biz dəfələrlə məsələ qaldırmışdıq ki, prinsiplər bütün Avropa ölkələrinə tətbiq edilməlidir", - deyə azərbaycanlı deputat qeyd edib.

Hüseynov bildirib ki, həmin meyarlar əsasında Avropanın birsıra ölkələrində, xüsusilə də yeni müstəqillik qazanmış ölkələrdə ayrı-ayrı seçkilərdən sonra baş vermiş qanlı hadisələr, həmin seçkilərin nəticəsində həbsxanalara salınmış onlarla insanın ayrı-ayrı QHT-lər tərəfindən siyasi məhbus kimi tanınması AŞ-da öz qiymətini almırdı. Ona görə də biz ayrıca sənəd hazırlayaraq bu məsələni gündəmə gətirdik. Bu sənəd vaxtilə AŞ-də hazırlanmış ayrı-ayrı Qətnamələr və Tövsiyələr üçün təkliflər əsasında qurulub. Konkret olaraq, Avropanın digər ölkələrində, o cümlədən Ermənistanda bu məsələnin ortaya qoyulması əksini tapıb.

Deputatın sözlərinə görə,  AŞ PA deputatları bu sənədə böyük maraq göstərərək imza atıblar. Sənəd artıq AŞ PA Katibliyinə təqdim edilib. "Belə düşünürəm ki, yaxın zamanlarda Hüquqi Məsələlər və İnsan Haqları Komitəsində, eləcə də həmin Komitəyə daxil olan İnsan Haqları Alt Komitəsində bu sənəd müzakirə ediləcək. Bu sənədə AŞ PA Bürosunda da baxılacağı gözlənilir", - Hüseynov bildirib.

Bundan əlavə, bu sənəd əsasında yaxın gələcəkdə AŞ-yə üzv olan bir sıra ölkələrdə də siyasi məhbus məsələsinin araşdırılmasının gündəmə gəlməsi və bununla bağlı məruzəçinin təyin edilməsi gözlənilir.

Sənəddə Avropa Şurasına üzv olan bəzi ölkələrdə siyasi motivlərə görə həbslərin və təqiblərin mövcud olmasının ciddi narahatlıq doğurduğu qeyd edilir. "AŞ-yə üzv ölkələrdə bircə nəfər siyasi məhbusun olması da çoxdur" tezisi AŞ PA-nın prinsipial mövqeyidir və həmin son dərəcə ədalətli yanaşmanın sadəcə bəyanat olaraq qalmaması üçün konkret addımların atılmasına ciddi ehtiyac var.

2001-ci ildən AŞ-yə üzv olan Ermənistanda insan haqlarının sistemli və kütləvi şəkildə pozulması ilə bağlı AŞ PA-da dəfələrlə məsələ qaldırılıb, ciddi sənədlər hazırlanıb. Ermənistanın AŞ qarşısında vəzifə və öhdəliklərinin müzakirələri zamanı hər dəfə bu problemlərin olması qeyd edilsə, ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi təklifləri bir neçə dəfə səslənsə də, təəssüf ki, nə Ermənistan vəziyyəti normalaşdırmaq üçün real işlər həyata keçirmiş, nə də Ermənistana qarşı AŞ PA tərəfindən təsirli tədbirlər görülüb.

"2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərindən sonra onlarla insan həyatını itirmiş, çoxlu sayda insan həbsxanalara atılmışdı. Bu gün də Ermənistan həbsxanalarında yüzlərlə siyasi məhbus var və Ermənistan hakimiyyəti ölkədəki insan haqlarını müdafiə edən QHT-lərin, AŞ-nin, birsıra digər beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymadan öz qanunazidd fəaliyyətini davam etdirir", - deyə sənəddə vurğulanır.

AŞ-nin təyin etdiyi ekspert qrupununu siyasi məhbus anlayışı üzrə müəyyən etdiyi və AŞPA tərəfindən qəbul edilən 5 prinsipin hamısı hazırda Ermənistan dövləti tərəfindən siyasi mötivlər və ciddi prosedur pozuntularla həbsxanalara atılmış saysız-hesabsız vətəndaşa tətbiq edilə bilər .

Sonda sənəddə AŞPA-ya təxirə salınmadan Ermənistanda siyasi məhbus probleminin təfərrüatı ilə yerində araşdırılması və ətraflı hesabat hazırlamaq üçün xüsusi məruzəçinin təyin edilməsi təkidlə tövsiyə edilir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti