Gürcüstan, Tbilisi, 25 may / Trend , müx. N.Kirsxalia /
NATO Baş katibinin Mərkəzi Asiyada və Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Robert Simonsa bu gün Gürcüstan XİN-ində illik mili planın nümunəsi təqdim edilib. Bu barədə görüşdən sonra Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, görüşdə Gürcüstanın NATO-ya daxil olması, ölkədə daxili-siyasi vəziyyət, işğal edilmiş ərazilərdə vəziyyət və Cenevrə danışıqları müzakirə edilib.
"Bizim aramızda tam qarşılıqlı anlaşma mövcuddur. Simons əmin edib ki, NATO və Gürcüstan arasında əməkdaşlıq hər iki tərəfə lazım olan səviyyədə inkişaf edir", - Vaşadze bildirib.
Simons qeyd edib ki, illik milli plan NATO yolunda bir addım irəli atmaq deməkdir və bu plan Gürcüstanı alyans ilə daha da yaxınlaşdıracaq. "Biz onu ilin sonuna qiymətləndirəcəyik", - Simons bildirib.
Gürcüstanın NATO-ya nə vaxt qəbul ediləcəyi sualına cavab olaraq Simons bildirib ki, Buxarest sammitində deyildiyi kimi, Gürcüstan NATO-nun üzvü olacaq, lakin "qrafik və dəqiq müddət hələ müəyyən edilməyib". Onun sözlərinə görə, bunun həlledici faktorlarından biri Gürcüstanın islahatlar keçirməsi olacaq.
Bununla bərabər o qeyd edib ki, alyans işğal edilmiş ərazidəki vəziyyətdən narahatdır və bir daha Rusiyanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
Məqalə müəllifi ilə əlaqə: [email protected]