...

Azərbaycan Prezidenti Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxıb

Siyasət Materials 2 İyun 2009 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend / 

İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilmiş yeni sərnişin avtobuslarına baxmışdır. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Bakı şəhərində yolların ən yüksək standartlara uyğun olaraq əsaslı şəkildə yenidən qurulması, yeni körpülərin və yolötürücülərin inşa edilməsi paytaxtımızda müasir ictimai nəqliyyat növlərinə tələbatı daha da artırıb. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, Bakı şəhərinin müasir tələblərə cavab verən sərnişin avtobusları ilə davamlı olaraq təmin edilməsinə başlanılıb. Azərbaycan Prezidentinin Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair sərəncam və göstərişlərinə uyğun olaraq, sərnişin avtobuslarının növbəti hissəsi paytaxta gətirilib.

Dövlətimizin başçısına yeni avtobusların texniki göstəriciləri, hərəkət marşrutlarının sxemi barədə məlumat verilib. Bildirilib ki, Cənubi Koreyanın "Daewoo" şirkətinin istehsalı olan bu avtobuslar rahatlığı və müasirliyi ilə diqqəti cəlb edir. Avtobusların uzunluğu 11,940 metr, eni 2,5 metr, hündürlüyü isə 3,2 metrdir. Dizel mühərikki ilə işləyən avtobusların yanacaq tutumu 260 litr, yanacaq sərfiyyatı isə hər 100 kilometrə 38 litrdir. Salonunda 31 oturacaq olan avtobuslar ümumilikdə 85 sərnişini birdəfəyə aparmaq imkanına malikdir. Yeni avtobuslar əsasən 325, 309, 70, 137 saylı marşrutlarda işləyəcəkdir. Müasir tələblərə tam cavab verən avtobusların sürücüləri üçün isə xüsusi formalar nəzərdə tutulub.

Prezident İlham Əliyev yeni avtobuslarla yaxından tanış olub və sükan arxasına əyləşərək, yeni nəqliyyat vasitəsini sınaqdan keçirib.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin yol-nəqliyyat sisteminin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti