Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir R. Hafizoğlu /
ABŞ-ın Corc Vaşinqton Universitetinin eksperti hesab edir ki, Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) ölkədə mövcud olan kürd probleminin həlli ilə bağlı detalları açıqlamağa ehtiyat edir.
"AKP kürd probleminin həlli ilə bağlı detalları, terror təşkilatı tərəfindən planın reallaşmaması üçün təbdirlər görüləcəyindən ehtiyat edərək açıqlamır "- deyə Merve Kavakçı cümə günü Vaşinqtondan telefonla Trend -a bildirib.
Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Ahmet Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd probleminin həllininin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyə ana müxalifətinin lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb.
Kavakcı hesab edir ki, Türkiyədə mövcud olan kürd probleminin həlli əslində, AKP üçün yeni bir mövzu deyil. "Kürd problemin həlli məsələsi bundan əvvəl də müzakirə edilmişdi. Lakin Türkiyədəki qatı millətçilərin etirazı və daha sonra Aktütündə baş verən hadisələr bu planın reallaşmasına mane oldu", - deyə o qeyd edib.
Trend -un arayışı: Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan 2005-ci ildə kürdlərin kompakt yaşadığı Diyarbəkirə səfəri zamanı hakimiyyətin tez bir zamanda kürd problemini həll etmək istəyində olduğunu bildirmişdi. Lakin ölkə müxalifəti AKP-nin bu planını bir o qədər də müsbət qarşılamadı. Daha sonra 2008-ci ilin oktyabrında PKK terror təşkilatının Aktütün bölgəsində türk əsgərlərinə hücumu nəticəsində 15 əsgərin öldürülməsi bu planın reallaşmasına mane oldu.
Kavakcının fikrincə, kürd probleminin həlli birbaşa Türkiyənin demokratikləşməsi ilə bağlıdır və ötən illərdən fərqli olaraq bu dəfə AKP kürd problemini həll etməyə daha yaxındır.