...

Azərbaycanda bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan qanunvericilik bazası demək olar ki, tamamlanıb - Parlamentin komitə sədri

Siyasət Materials 7 Sentyabr 2009 15:09 (UTC +04:00)
“Bələdiyyələrin fəaliyyətinin, onların statusunun təkmilləşdirilməsini nəzərdə tutan qanunvericilik bazası demək olar ki, tamamlanıb”, - Trend News-un məlumatına görə, bunu bazar ertəsi Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.
Azərbaycanda bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan qanunvericilik bazası demək olar ki, tamamlanıb - Parlamentin komitə sədri

Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanda son on ildə bələdiyyələrlə bağlı 30-a qədər qanun hazırlanıb.

"Bələdiyyələrin fəaliyyətinin, onların statusunun təkmilləşdirilməsini nəzərdə tutan qanunvericilik bazası demək olar ki, tamamlanıb", - Trend -un məlumatına görə, bunu bazar ertəsi Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisinin 2009-cu il dekabrında keçirilməsi nəzərdə tutulur. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Qəbul edilən qanuna görə, Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.

Rəhimzadənin sözlərinə görə, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı bu ilin mart ayında keçirilən referendumdan sonra da bələdiyyələrlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərə ehtiyac yaranıb.

"Bələdiyyələr vətəndaş cəmiyyətinin formalaşmasında əsas institutlardan biridir. Bəzi bələdiyyələr bu istiqamətdə vəzifələrinin öhdəsindən bacarıqla gəlirlər. Öz imkanlarından hərtərəfli istifadə etməyən bələdiyyələr də var", - komitə sədri əlavə edib.

Bələdiyyələrin birləşdirilməsi məsələsinə gəldikdə, millət vəkili bunun çox uğurlu qərar olduğunu deyib. "Azərbaycan qanunvericiliyinə görə, indiyədək 5 nəfər insanın yaşadığı ərazidə də bələdiyyə yaradılması mümkün idi. Amma xarici ölkələrdə bununla bağlı ciddi məhdudiyyətlər var. Məsələn, Polşada əhalisi ən azı min nəfər olmayan ərazilərdə bələdiyyələr formalaşa bilməz. Yunanıstanda bu göstərici 2500, Türkiyədə isə 5 min nəfərdir", - Rəhimzadə qeyd edib.

Onun fikrincə, əhalisi az olan ərazilərdə indiyədək mövcud olan bələdiyyələr özlərini doğrultmayıblar. "Onların büdcələrinin formalaşdırılmasında da çox ciddi problemlər yaranırdı. Bu və digər səbəbləri nəzərə alaraq "Bələdiyyələrin birləşdirilməsi haqqında" Qanun qəbul olundu", - komitə sədri vurğulayıb.

Rəhimzadə deyib ki, bələdiyyələrin birləşdirilməsi nəticəsində növbəti seçkilərdən sonra bələdiyyə institutunun daha da təkmilləşdirilmiş fəaliyyətinə nail olmaq mümkündür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti