...

Azərbaycanın milli təhlükəsizlik naziri polşalı həmkarını qəbul edib

Siyasət Materials 18 Fevral 2010 18:58 (UTC +04:00)
Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov bu gün ölkəmizdə rəsmi səfərdə olan Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şcıqlonu qəbul edib.
Azərbaycanın milli təhlükəsizlik naziri polşalı həmkarını qəbul edib

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov bu gün ölkəmizdə rəsmi səfərdə olan Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şcıqlonu qəbul edib. Məlumatı nazirliyin İctimai əlaqələr mərkəzi yayıb.

Nazir Mahmudov qonağı səmimi salamlayaraq, Polşa Respublikasının Milli Təhlükəsizlik Bürosunun rəhbərinin Azərbaycana ilk səfərinin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən terrorçuluqla mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və bundan irəli gələn məsələlər müzakirə olunub, həmçinin enerji təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan və Polşa xüsusi xidmət orqanları arasında bütün bu sahələr üzrə informasiya və ekspert mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov beynəlxalq terrorçuluğa və ekstremizmə qarşı görülən işlər barədə danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar barədə ətraflı məlumat verib.

Həmkarı ilə görüşdən məmnun olduğunu bildirən Aleksandr Şcıqlo Polşa Respublikasının Azərbaycanla sıx dostluq əlaqələrinin və bütün səviyyələrdə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini diqqətə catdırıb. Qonaq Azərbaycanın beynəlxalq antiterror koalisiyasındakı fəal rolunu qeyd edib, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin ərazi bütövlüyünün və problemin həlli üzrə beynəlxalq hüquq normalarına söykənən mövqeyinin Polşa tərəfindən dəstəkləndiyini vurğulayıb.

İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri üzrə və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti