Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Dövlət Miqrasiya Xidməti cari ilin mart ayında 838 əcnəbinin ölkəni tərk etməsi ilə bağlı qərar qəbul edib.
DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zərnişan Əhmədova çərşənbə axşamı Trend-ə bildirib ki, mart ayında 774 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 64 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar çıxarılıb.
Xidmət əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama, əmək fəaliyyəti ilə məşğul olma qaydalarının pozulması ilə bağlı 1145 fakt aşkarlanıb.
DMX rəsmisinin sözlərinə görə, ötən ay 307 nəfər əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə cərimə tətbiq edilməklə onların ölkə ərazisində yaşamaları leqallaşdırılıb.
Hesabat dövründə DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4 min 361 müraciət daxil olub.