...

Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı qətnaməsi danışıqların gedişinə təsir etməyəcək – ekspert Maykl Emerson

Siyasət Materials 21 May 2010 17:49 (UTC +04:00)
Avropa Parlamentinin (AP) Cənubi Qafqazla bağlı qəbul etdiyi qətnamə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların sonrakı gedişinə çətin ki təsir etsin.
Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı qətnaməsi danışıqların gedişinə təsir etməyəcək – ekspert Maykl Emerson

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Y.Ostapenko/

Avropa Parlamentinin (AP) Cənubi Qafqazla bağlı qəbul etdiyi qətnamə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların sonrakı gedişinə çətin ki təsir etsin. Avropalı ekspert Maykl Emerson belə hesab edir.

"Qətnamənin hansısa şəkildə danışıqların gedişinə təsir göstərəcəyinə şübhə edirəm. Çünki danışıqlar prosesi tamamilə Azərbaycan və Ermənistanın razılığa gəlməyə hazır olmasından asılıdır", - Brüsseldə Avropa Siyasi Araşdırmalar Mərkəzinin Avropa mehriban qonşuluq proqramına rəhbərlik edən Emerson Trend-ə bildirib.

Avropa Parlamenti cümə axşamı Cənubi Qafqaz üzrə qətnamə qəbul edib və sənəddə Aİ-yə ümumilikdə regionda vəziyyətin sabitləşdirilməsində daha fəal iştirak etməyə çağırış səsləndirilib.

AP deputatları hesab edirlər ki, regionda dondurulmuş münaqişələrin mövcudluğu qəbuledilməzdir. Onlar son vaxtlar hərbi xərclərin artması ilə bağlı narahatlıqlarını ifadə ediblər və erməni qoşunlarını Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxmağa çağırıblar.

Emerson AP tərəfindən qəbul edilən qətnamənin nəzərəçarpacaq nəticələrinə şübhə edir, çünki AP-nin qətnaməsi Aİ-nin institutları olan Avropa Şurası və Avropa Komissiyası tərəfindən məcburi yerinə yetirilmə gücünə malik deyil.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu tərəfindən Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, Laçın dəhlizi ilə nəqliyyatın təmin olunması, daha sonra Dağlıq Qarabağın yekun statusu haqqında qərarın qəbul edilməsi üçün aralıq sazişə nail olmaq məqsədilə müəyyən təzyiq mövcuddur.

"Lakin bu an üçün mən Azərbaycan və Ermənistanın razılaşmağa hazır olduqları əlamətini görmürəm", - Emerson bildirib.

Emersonun fikrincə, ümumilikdə qəbul olunmuş qətnamə heç bir real qərarın qəbul olunmasına gətirib çıxarmayan adi işin bir hissəsidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti