...

Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını yeni Rusiya diplomatiyasının uğuruna aid etmək olar – səfir Vladimir Doroxin

Siyasət Materials 11 İyun 2010 14:27 (UTC +04:00)
Rusiya Günü ərəfəsində Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə Trend-in eksklüziv müsahibəsi
Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını yeni Rusiya diplomatiyasının uğuruna aid etmək olar – səfir Vladimir  Doroxin

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiya Günü ərəfəsində Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə Trend-in eksklüziv müsahibəsi

- Cənab səfir, nə üçün Rusiya Günü iyunun 12-də bayram edilir?

- 1990-cı il iyunun 12-də RSFSR xalq deputatları qurultayı "RSFSR-in dövlət müstəqilliyi haqqında Bəyannamə" qəbul etdi. Beləliklə, Rusiya Federasiyası SSRİ-nin tərkibində öz müstəqilliyini bəyan etdi. Bu, müttəfiq respublikaların əksəriyyətində belə aktların qəbul olunmasından sonra edildi.

1994-cü ildə B.Yeltsin 12 İyun tarixini dövlət bayramı - Rusiyanın dövlət müstəqilliyi haqda Bəyannamənin qəbul edilməsi günü elan etdi. 1997-ci ildə bayramın adı dəyişdirildi. O vaxtdan biz onu Rusiya Günü kimi qeyd edirik.

- Rusiya artıq yeni yolla 20 ildir gedir. Bu yolun yekunlarını necə qiymətləndirmək olar? Müstəqillik adamlara nə verdi?

- Den Syaopindən soruşurlar: "Siz 1789-cu il Böyük Fransa İnqilabı haqda nə düşünürsünüz?". O cavab verir ki, qiymət vermək üçün 200 il çox qısa tarixi müddətdir. Yeni Rusiya isə cəmi 20 ildir yaşyır. Bir şey demək olar - yol çox çətin olub. Yeni Rusiya siyasi qarşıdurmaların əzabları ilə doğulub. Cəmiyyətdə hansı - əvvəlki kimi sosializm və ya yeni-demokratik yolla getməklə bağlı razılıq yox idi. Prezidentlə parlament arasında münaqişə, sizin oxucular, yəqin ki, xatırlayırlar, Ağ evə hücuma çevrildi. Bazar iqtisadiyyatına keçid radikal metodlarla, liberallaşdırma ilə, necə deyərlər, şok terapiyası ruhunda həyata keçirildi. Bu, sahibkarlıq təşəbbüslərinin inkişafına güclü təkan versə də, digər tərəfdən, əhalinin geniş təbəqələrinin yoxsullaşmasına gətirib çıxardı. Separatizm təhdidləri yarandı. Onun daha çox kəskin təzahürü Çeçenistan oldu. Rusiyanı süqut gözləyirdi. Kimlərsə dünyada onu hesabdan silməyə çalışırdı.

Lakin xoşbəxtlikdən, cəmiyyət vəziyyəti real qiymətləndirməyə və adekvat siyasi kurs işləyib-hazırlamağa özündə güc tapdı. Son illərdə Rusiya üçün siyasi və iqtisadi sabitlik xarakterikdir. Bizdə çoxlu həll olunmamış problem var, lakin biz doğru yolda olmağımızla bağlı özümüzü daha əmin hiss etməyə başlamışıq.

İctimai rəy sorğusuna görə, 2002-ci ildə 36 faiz suverenliyin Rusiyanın xeyrinə olduğunu hesab edirdi. 2010-cu ildə isə belələri artıq 56 fazidir. Bu özü-özlüyündə nəsə deyir.

- Öz müstəqilliyi illəri ərzində Rusiya dünyanın digər aparıcı dövlətləri ilə bir səviyyəyə qalxa bildimi?

- Rusiya, SSRİ-nin sayəsində superdövlət olduğu potensiala malik deyil. Yalnız nüvə silahı sahəsində Rusiya ilə ABŞ arasında paritetlərdən danışmaq olar. İqtisadi göstəricilər üzrə biz digər aparıcı dövlətlərdən geri qalırıq.

Lakin bugünkü dünya siyasəti Sovet İttifaqı - Amerika qarşıdurması dövründəkindən kökündən fərqlənir. Bu gün silahları cingildətmək yox, beynəlxalq münasibətlərin bütün subyektləri nəzərə alınmaqla maraqların qlobal balansını cərgəyə düzmək lazımdır.

Rusiya beynəlxalq hüquq və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinin rəhbərliyinə əsaslanan dünya düzümünə tərəfdardır. Heç kimə inkişaf modeli sırımaq və ya həyatı necə qurmağı öyrətmək istəmirik. Planetdəki adamların həyatını daha sakit və sabit etmək üçün dünya problemlərinin həllinə töhfəmizi verməyə hazırıq.

- MDB-də və digər keçmiş sovet respublikaları arasında ikitərəfli münasibətlərdə mürəkkəb proseslər baş verir. Rusiya keçmiş "qardaşlar"la yeni münasibətlər şəraitində özünü necə hiss edir?

- Rusiya lap əvvəldən elan edib ki, onun keçmiş sovet respublikaları ilə münasibətləri onun üçün prioritetdir və bu da aydındır. Mənim ölkəmin və digər postsovet ölkələrinin iqtisadiyyatları bir vaxtlar vahid xalq təsərrüfatı kompleksini təşkil ediblər. İqtisadi tarazlığın təmin olunması bu əlaqələrin dəstəklənməsini tələb edirdi. Dövlət sərhədlərinin meydana çıxmasına baxmayaraq, MDB ölkələrinin milyonlarla sakini ailə və qohumluq bağları ilə birləşmiş qalıblar və qalacaqlar. Ölkələrimizin tarixində o qədər bağlayıcı məqamlar olub ki, onları heç bir siyasi qərarla silib-atmaq olmaz.

Bu prioritetləri reallaşdırmaq üçün hazır reseptlər, əlbəttə ki, olmayıb. SSRİ-nin süqutu və yeni dövlətlərin yaranması ən mürəkkəb proseslər doğurdu ki, onları nəinki qabaqcadan görmək, həm də qiymətləndirmək də mümkün deyildi.

İndi strateji istiqamətin getdikcə daha dəqiq ümumi təsəvvürü yaranır. Başlıcası, iqtisadi inteqrasiyadır. Rusiya Gömrük İttifaqının yaradılmasının təşəbbüskarı oldu, postsovet məkanının daha inkişaf etmiş təşkilatı olan Avrasiya İqtisadi Birliyində fəal iştirak edir. Hərbi-siyasi sahədə Rusiya üçün prioritet Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakdır.

Və bu gün də hər şey asan getmir. Başqa cür gözləmək də olmaz, axı söhbət suveren dövlətlərin milli maraqlarının razılaşdırılmasından gedir. Lakin bizim müasir qərarların axtarışına səbrimiz çatır. Moskva heç kimə heç nəyi sırımır. Keçmiş "qardaşlar"ın suverenliyinə hörmət Rusiaynın postsovet məkanının alfa və omeqasıdır.

- Azərbaycan Rusiyanın siyasətində hansı yeri tutur?

- Rusiya üçün Azərbaycan mühüm strateji tərəfdaşdır. Onun əhəmiyyəti geosiyasi yerləşməsi, Şimali Qafqaza yaxınlığı, ənənəvi tarixi əlaqələri, artan iqtisadi potensialı, enerji məsələlərində nadir rolu ilə müəyyən edilir.

Rusiya və Azərbaycan arasında müstəqil dövlətlər kimi münasibətlərin başlanğıcı asan olmayıb. Xoşbəxtlikdən, Azərbaycanın sükanı arxasında böyük Heydər Əliyev oldu. Onu Moskvada dinlədilər və anladılar. Yeni Rusiya diplomatiyası bir-birinə qarşılıqlı və şərtsiz hörmətə əsaslanan münasibətlərin qurulmasına da öz töhfəsini verdi. Biz bu sənətin nümayəndələriyik, ona öz uğurumuz kimi yanaşır və onunla fəxr edirik.

- Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün başlıca problem olaraq qalır. Siz münaqişənin nizamlanmasında vasitəçi kimi Rusiyanın rolunu necə qiymətləndiririsiniz? Moskva obyektiv və nüfuzlu geosiyasi oyunçu kimi danışıqlar məsələsində irəliləyişə nail olmaq üçün daha şox şansa malikdirmi?

- Rusiya Dağlıq Qarabağ probleminin mənbəyini, tərəflərin mövqelərini digər ölkələrdən daha yaxşı bilir və bu problemin uzun müddətdən bəri həll olunmamış qalmasına görə ağrı hiss edir. Axı biz bir vaxtlar bu problemin doğulduğu və sonra kəskinləşdiyi bir dövlətdə birgə yaşamışıq. Rusiyanın və onun prezidentinin vasitəçi kimi xüsusi fəallığını məhz bu, müəyyən edir.

Biz Rusiyada əminik ki, vasitəçi kimi bizdən asılı olan hər şeyi edirik və bu istiqamətdə öz səylərimizi davam etdirməyə hazırıq.

- Siz Rusiyanın dünyada rusdilli məkanın qorunub-saxlanması uğrunda mübarizə aparmalı olduğunu hesab edirsinizmi; əgər cavab müsbətdirsə, hansı şəkildə? Ölkələrimiz arasında mədəni əməkdaşlığın səviyyəsi necədir: təhsil, elm, rus dili, gənclər siyasəti məsələləri və başqaları?

- Rusiya bir çox ölkələrin xaricdə "öz" dillərini və mədəniyyətlərini, daha doğrusu, mədəni və hamı tərəfindən qəbul olunmuş metodlarla rus dilini və dünyada rusdilli mədəniyyətlə əlaqəsi olan hər şeyi dəstəkləməsi üçün etdiklərini öyrənməyə başlayıb.

Azərbaycanla Rusiya arasında mədəni əlaqələr təbii xarakterə malikdir. Rusiyadan mədəni məhsullar, heç bir dövlət tənzimlənməsi olmadan teatrların, populyar ifaçıların qastrolları şəklində Azərbaycana gətirilir.

İndi yeni formalar yaranır. 2008-ci ildə Bakıda M.V.Lomonosov adına MDU-nun filialı, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi açıldı.

Səfir kimi fəxr edirəm ki, Rusiya xaricdə azərbaycanlı kadrların hazırlanmasının əsas mərkəzlərindən biri olaraq qalmaqdadır. Rusiyanın ali məktəblərində dövlət təqaüdü və öz hesablarına 6 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır.

Biz Azərbaycan rəhbərliyinin rus dili məsələsində mövqeyini yüksək qiymətləndiririk. Azərbaycanda rus dilinin yayılması miqyası etnik rusların təşkil etdiyi iki faizi əhəmiyyətli dərəcədə üstələyir. Azərbaycanlılar anlayırlar ki, onlar üçün ikidillilik çox böyük üstünlükdür. Bu əsasda bizim aramızda səmərəli əməkdaşlıq həyata keçirilir.

Səfirlik mövcud səmərəli şəraitdən istifadə etməklə bunlar üzərində fəal çalışacaq. Bunda maraqlı olan hər kəsin əməkdaşlığına ümid edirik.

Xəbər lenti

Xəbər lenti