...

Azərbaycanın siyası partiyaları seçki kampaniyalarının strategiyasını müəyyənləşdirib

Siyasət Materials 19 Avqust 2010 16:13 (UTC +04:00)
Azərbaycanın siyası partiyaları Parlament seçkiləri ilə bağlı kampaniyaların strategiyalarını müəyyənləşdirib.
Azərbaycanın siyası partiyaları seçki kampaniyalarının strategiyasını müəyyənləşdirib

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın siyası partiyaları Parlament seçkiləri ilə bağlı kampaniyaların strategiyalarını müəyyənləşdirib.

Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov öncə Trend-ə müsahibəsində bildirib ki, hər bir seçki digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.

"2010-cu ilin Parlament seçkiləri 2005-ci ilin seçkilərindən təbii olaraq fərqlənəcək. Çünki 2010-cu ilin Azərbaycanı 2005-ci ilin Azərbaycanından fərqlənir. İndi Azərbaycan daha inkişaf edib, ölkəmizin iqtisadiyyatı daha yüksəkdə dayanır, insanların həyat səviyyəsi, bütövlükdə, Azərbaycanda insanların düşüncəsi bu beş il ərzində xeyli dəyişib. Bütün bunların hamısı Yeni Azərbaycan Partiyasının qarşıdan gələn seçkilərlə bağlı konsepsiyasında ciddi şəkildə öz əksini tapacaq. Bu isə bizim hansı yeniliklərdən istifadə etməyimiz məsələsini də həll edəcək.

Həmişə olduğu kimi, qarşıdan gələn Parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının bütövlükdə seçki texnologiyası seçki mühitinin və dövrünün tələblərinə uyğun olacaq, növbəti qələbəmizi təmin etməyə bizə yardımçı olacaq", - Əhmədov deyib.

Müxalif Müsavat Partiyası da müasir seçki texnologiyalarından istifadə edəcəyini açıqlayıb.

"Seçkilərdə müasir seçki texnologiyalarından istifadə etmək niyyətindəyik. Seçicilərlə birbaşa təmaslardan istifadə edəcəyik. Çünki televiziyadan istifadə imkanları həddən artıq məhdudlaşdırılıb. Belə olan şəraitdə biz seçicilərlə görüş, qapıdan-qapıya kampaniyası və digər bu tipli seçki texnologiyalarından ətraflı istifadə edəcəyik. Eyni zamanda, internet vasitəsilə seçicilərlə təmasda olmağa çalışacağıq", - bunu cümə axşamı  Trend-ə müxalif Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bildirib.

Hacılı deyib ki, pullu efir vaxtından yararlanıb, televiziyalarda da çıxış etmək istərdik, lakin bu, maliyyə vəsaiti toplayıb biləcəyimizdən asılı olacaq.

"Əgər maliyyə vəsaiti toplaya bilsək, televiziyaların da imkanlarından istifadə edəcəyik", - Müsavat Partiyasının rəsmisi bildirib.

Seçki kampaniyasının təşviqat-təbliğatı üçün maliyyə mənbəyinə gəlincə, Hacılı bildirib ki, adətən, partiya üzvləri və partiya təəssübkeşlərindən maliyyə vəsaiti toplanılır.

"Onların verdikləri ianələr hesabına seçki kampaniyalarını təşkil edəcəyik", - Hacılı əlavə edib.

Müxalif Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Trend-ə bildirib ki, partiyanın Mərkəzi Seçki Qərargahı formalaşdırılıb və həmin qərargahda Parlament seçkilərində təbliğat-təşviqat kampaniyalarını təşkil etmək, istiqaməti formalaşdırmaq üçün qruplar formalaşdırılıb.

"Partiya seçki platformasının hazırlanması, şüarların, seçki blokunun adının müəyyənləşməsi və s. bu tipli fəaliyyətlə məşğuldur. Seçki dövründə Xalq Cəbhəsi Partiyası ən müxtəlif təbliğat formalarından yararlanmaq niyyətindədir. Buna həm kütləvi aksiyaların keçirilməsi, həm KİV-də çıxışların edilməsi, eyni zamanda, reklam roliklərinin hazırlanması, bukletlərin paylanması, plakatların vurulması və digər bu tipli vasitələrdən geniş istifadə olunması nəzərdə tutulur", - Qəhrəmanlı deyib.

AXCP sözçüsü deyib ki, təşviqat zamanı televiziyaların da imkanlarından istifadə etmək istəyi var.

"Bildiyiniz kimi, seçki ərəfəsində televiziyalarda siyasi reklam çıxışları üçün oduqca yüksək qiymət müəyyənləşdirilir. O, partiyanın seçki büdcəsindən asılı olacaq. Büdcənin imkanları daxilində televiziyaların imkanlarından yararlanmağa çalışacağıq", - Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, partiyanın seçki büdcəsi partiya üzvlərinin, təəssübkeşlərinin könüllü ianələri hesabına formalaşdırılacaq.

"Ölkə banklarının birində partiya büdcəsi üçün hesab açılacaq və ictimaiyyətə də müraciət olunacaq ki, Xalq Cəbhəsi Partiyasının seçki fəaliyyətini dəstəkləmək üçün bu hesaba vəsaitlər köçürülsün", - Qəhrəmanlı bildirib.


Müxalif Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Trend-ə açıqlamasında seçki kampaniyasında "evdən-evə" taktikasından istifadə edəcəyini deyib.

"Keçən seçkilərdə geniş kütləvi tədbirlər keçirmədim. Ev-ev görüşlərimizdə seçicilərimizdən daha böyük dəstək aldım. Belə taktikadan istifadə etməklə seçicilərin səsini almaq daha məqsədəmüvafiq olduğuna görə, bu il də həmin üsula üstünlük verəcəyik", - Cəlaloğlu qeyd edib.

Cəlaloğlu davam edərək bildirib ki, insanları düşündürən bir sıra problemlərin həlli ilə bağlı ideya və təkliflər proqram şəklinə salınıb.

"Seçkidə onları təbliğat kimi istifadə edəcəyik. Təbliğat vasitələrindən də istifadə olunacaq. Plakatların yapışdırılması, müraciətlərin göndərilməsi, namizədlərimizin seçicilərə tanıdılması və digər üsullardan istifadə olunacaq.

"Bütün bunları seçkilərə ayrı getdiyimiz təqdirdə planlaşdırmışıq. Lakin digər partiyalar ilə birlikdə blok şəklində seçkilərə getmək şansımız var. Blok şəklində gedəcəyimiz təqdirdə küçə nümayişləri və kütləvi tədbirlərin keçirilməsinə də yer verəcəyik", - ADP sədri bildirib.

Seçkilərdə televiziyalar pullu efir vaxtını elə qiymətə qaldırır ki, həmin efir vaxtından istifadənin əhəmiyyəti ilə ona verilən pul ziddiyyət təşkil edir. Ora pul vermək mənasız olur. Ona görə də bizim televiziyaların efir vaxtlarından istifadə etmək fikrimiz yoxdur.

Müxalif Klassik Xalq Cəbhəsi Partiyası Seçki Qərargahının rəhbəri Ədalət Yusifov isə Trend-ə bildirib ki, seçki kampaniyası zamanı fərdi yanaşmadan tutmuş, kütləvi tədbirlər, mətbuat səhifələri, təbliğat-təşviqat materiallarından, televiziya imkanlarına qədər istifadə edəcək.

"Partiya üzvləri 1993-cü ildən bu yana müxtəlif seçkilərdə iştirak edib. Seçkilərlə bağlı müfəssəl məlumata malikik. Ötən seçkilərdəki praktikaları müasirləşdirməklə müxtəlif üsullardan istifadə edəcəyik", - KXCP sözçüsü deyib.

Yusifov deyib ki, partiya təbliğat üçün maliyyə vəsaitini dostların yardımı hesabına toplayacağını nəzərdə tutur.

İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Trend-ə bildirib ki, AVP birinci seçki deyil ki prosesə qoşulub. Təbliğatla bağlı AVP-nin bütün təşkilatlarının və rəhbərliyinin kifayət qədər təcrübəsi var.

"Bu təcrübəyə söykənərək, bu və ya digər yenilikləri nəzərə almaqla təbliğat və təşviqat prosesində müəyyən novatorluq və yeni elementləri üzə çıxarmaqla, təbliğat-təşviqat prosesində tətbiq etmək istisna olunmur. Bu baxımdan, biz psixoloji ağırlıq içərisində deyilik", - Ağamalı deyib.

AVP sədri maliyyə mənbələri ilə bağlı öz imkanlarına arxalandığını deyib.

"Qarşıdan gələn parlament seçkilərində də öz imkanlarımız çərçivəsində seçkilərə qoşulacağıq. Düşünürəm, bunun üçün çox geniş xarakter daşıyan, böyük vəsait tələb edən maliyyə olmasına ehtiyac duymuruq", - Ağamalı vurğulayıb.

Müxalif Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə isə Trend-ə bildirib ki, partiya öz işini Seçki Məcəlləsinə uyğun  qurub.

"Seçki Məcəlləsinə uyğun olaraq öz təbliğatımızı quracağıq. Bu, seçicilərlə görüş, partiyanın plakatlarının asılması, görüşlərin təşkil edilməsi, partiya rəhbərliyinin regionlara səfəri, ictimaiyyəti, xalqımızı narahat edən problemlərin gündəmə gətirilməsi və bunların həlli yollarının göstərilməsidir. Məqsədimiz Azərbaycanın iqtisadi-siyasi və beynəlxalq vəziyyətini təhlil etmək və bunlardan çıxış yollarını göstərməkdir", - Bağırzadə deyib.

Maliyyə mənbəyinə gəlincə, Bağırzadə deyib ki, partiya üzvlərinin köməkliyindən istifadə ediləcək.

"Partiyanın bu gün 35 minə yaxın üzvü var. Həmin üzvlərin gücündən istifadə edəcəyik. Partiya tanınmış və qəbul olunmuş partiyadır. AMİP-in öz elektoratı və seçicisi var. Bu partiya, faktik olaraq, 1993-cü ildən bu yana həm Prezident, həm Parlament, həm də bələdiyyə seçkilərində iştirak edib. Əvvəlki təcrübədən istifadə ediləcək", - Bağırzadə söyləyib.

Xəbər lenti

Xəbər lenti