...

Azərbaycanın 60-dan çox kommunisti parlament seçkilərində namizədliyini irəli sürəcək

Siyasət Materials 31 Avqust 2010 17:58 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyası (AKP) noyabr ayında keçiriləcək parlament seçkilərində 60-dan çox namizəd irəli sürəcək.

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Kommunist Partiyası (AKP) noyabr ayında keçiriləcək parlament seçkilərində 60-dan çox namizəd irəli sürəcək. Bu barədə çərşənbə günü Trend-ə AKP sədri Rauf Qurbanov məlumat verib.

"AKP seçkilərə tam hazırdır. Sadəcə olaraq seçkilərə rəsmi qaydada start verilməsini gözləyirik", - Qurbanov əlavə edib.

Onun sözlərinə görə, partiyanın maliyyə baxımından bazası zəifdir. "Buna görə də partiyanın daha çox dairədən namizəd irəli sürməsində çətinliklər var. Bununla belə, bizim partiyanın kifayət qədər layiqli namizədləri var", - Qurbanov deyib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

AKP sədri solçu partiyaların parlament seçkiləri zamanı əməkdaşlıq etməsinin vacib olduğunu deyib. "Biz istərdik ki, Azərbaycanın sol qüvvələrinin bir düşərgəsi yaradılsın, lakin bu, təklif olaraq qalır. Heç bir bazası olmayan partiyalarla birlik yaratmaq mümkün deyil. Ona görə də hələ ki, bu məsələnin reallaşması mümkün deyil", - Qurbanov deyib.

Azərbaycan Kommunist Partiyası XX əsrin əvvəllərində Hümmət təşkilatı olaraq yaradılıb. Daha sonra Azərbaycan Kommunist (bolşeviklər) partiyası kimi fəaliyyət göstərib. 1991-ci ildə AKP-nin fövqəladə qurultayının qərarına əsasən partiyanın fəaliyyətinə xitam verilib. 1993-cü ilin noyabrında partiyanın təsis bərpa qurultayında partiyanın bərpa olunması barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti