Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif partiya sədri hesab edir ki, "AXCP-Müsavat" seçki bloku ciddi siyasi güc deyil.
"AXCP-Müsavat" blokuna əsas rəqib kimi baxmırıq. AXCP-Müsavat birliyi təqdim olunduğu qədər Azərbaycan cəmiyyətində ciddi siyasi güc deyil. Bu, seçkinin nəticələrində də hər dəfə ortaya çıxır", - bu barədə cümə günü Trend-ə müxalif Böyük Quruluş Partiyasının sədri və "İslahat" seçki blokunun həmtəsisçisi Fazil Mustafa bildirib.
Azərbaycanın müxalif Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyaları seçkilərdə birgə iştirak etmək məqsədi ilə "AXCP-Müsavat" seçki blokunu təsis ediblər. Bloku təmsil edən şəxslər parlament seçkilərində məhz AXCP-Müsavat blokunun real siyasi güc olduğunu iddia edirlər.
Partiya sədri bildirib ki, həmin qüvvələr ancaq populist çıxışlarla özlərinə tərəfdaş qazanmağa çalışırlar. "Azərbaycan cəmiyyətinin narazılıq simptomlarına dayanaraq səs almaq hələ güc demək deyil", - Mustafa vurğulayıb.
Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.
Mustafa qeyd edib ki, parlament seçkilərində əsas rəqib kimi hakim Yeni Azərbaycan Partiyasını görürlər. "Maddi və siyasi resurslar daha çox onlara məxsusdur və bu seçkilərdə imkanları daha genişdir. Bizim üçün əsas odur ki, bir-birimizlə mədəni-siyasi rəqabət mühitində yarışaq", - o deyib.