...

AGRİ layihəsi regionumuzda və Avropada olan mühüm enerji və qaz layihələri arasında öz yerini tutacaq – Azərbaycan Prezidenti İlham Əliyev (FOTO)

Siyasət Materials 15 Sentyabr 2010 00:45 (UTC +04:00)
Biz Cənub dəhlizinə aid layihələr üzərində çalışmağa davam edəcəyik və fikrimcə, AGRİ layihəsinin çox yaxşı potensialı vardır. Çünki biz onu irəliyə doğru aparmaq üçün aramızda olan güclü sadiqliyi görürük. Əvvəl qeyd etdiyim kimi, biz artıq bir çox hazırlıq işlərini görmüşük, anlaşma memorandumu imzalanıb və bu gün mühüm sənəd imzalanacaqdır. Bu səbəbdən güclü sadiqliklə, səylərimizi birləşdirməklə, əminəm ki, biz yaxşı nəticələr əldə edə biləcəyik, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda “Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector” (AGRİ) layihəsinə həsr olunmuş görüşdə çıxışı zamanı bildirib.
AGRİ layihəsi regionumuzda və Avropada olan mühüm enerji və qaz layihələri arasında öz yerini tutacaq – Azərbaycan Prezidenti İlham Əliyev (FOTO)

Biz Cənub dəhlizinə aid layihələr üzərində çalışmağa davam edəcəyik və fikrimcə, AGRİ layihəsinin çox yaxşı potensialı vardır. Çünki biz onu irəliyə doğru aparmaq üçün aramızda olan güclü sadiqliyi görürük. Əvvəl qeyd etdiyim kimi, biz artıq bir çox hazırlıq işlərini görmüşük, anlaşma memorandumu imzalanıb və bu gün mühüm sənəd imzalanacaqdır. Bu səbəbdən güclü sadiqliklə, səylərimizi birləşdirməklə, əminəm ki, biz yaxşı nəticələr əldə edə biləcəyik, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda "Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" (AGRİ) layihəsinə həsr olunmuş görüşdə çıxışı zamanı bildirib.

"Bu yeni bir addır və ola bilsin ki, onun haqqında hamının məlumatı yoxdur. Lakin yeni olmaq arxada qalmaq demək deyildir. Düşünürəm ki, bizim yaxşı dinamika, sürət və sadiqliklə indiyədək müzakirə olunan bütün layihələr arasında lider olmağa yaxşı imkanımız vardır. Fikrimcə, regionumuzda enerji əməkdaşlığının yeni səhifəsini aça bilərik və açmalıyıq, baxmayaraq ki, AGRİ layihəsi haqqında çoxlarının məlumatı yoxdur. Əminəm ki, bu sammitdən sonra AGRİ layihəsi regionumuzda və Avropada olan mühüm enerji və qaz layihələri arasında öz yerini tutacaqdır" İlham Əliyev qeyd edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sentyabrın 14-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Rumıniya Prezidenti Trayan Beseskunun, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Macarıstanın Baş naziri Viktor Orbanın görüşü olmuşdur.

Prezident hesab edib ki, bu görüş uğurlu olacaq və yaxşı nəticələr əldə ediləcək.

"Bu sammitin təşkilində bizim müvafiq qurumlarımız və nazirliklərimiz böyük işlər görüblər. Əminəm ki, bugünkü iclas, buradakı müzakirələr və imzalanacaq sənəd regional miqyasda tamamilə yeni bir vəziyyət yaradacaqdır. Əminəm ki, növbəti aylarda biz çox çalışacağıq ki, planlaşdırdığımızı həyata keçirək.
Bildiyiniz kimi, Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk neft Azərbaycanda hasil olunub və beləliklə, neft və qaz sahəsində bizim böyük ənənələrimiz vardır. Açıq dənizdə dünyada ilk neft də Azərbaycanda hasil olunub. Ötən əsrin ortalarında Sovet İttifaqında əldə olunan neftin böyük hissəsi Azərbaycanda hasil edilirdi. Lakin Sovet İttifaqı süquta uğradıqdan sonra ciddi çətinliklərlə üzləşmişdik. O zaman neft və qaz hasilatında böyük tənəzzül və özümüzü daha tam idarə edə bilməmək təhlükəsi var idi. Beləliklə, mövqelərimizi bərpa etməyin yeganə yolu xarici sərmayələrin cəlb olunması üçün ciddi çalışmaq idi. Bu istiqamətdə siyasətimiz uğurlu oldu və 1994-cü ildə ilk əsas neft müqaviləsi imzalandı. Bu, sonralar "Əsrin müqaviləsi" adlandırıldı və bizə neft və qaz sahəsinə milyardlarla birbaşa xarici sərmayə cəlb etməyə imkan verdi. Xəzər dənizində yeni tərəfdaşlıq ruhu yaratdı. Xəzər dənizi beynəlxalq sərmayələr üçün ilk dəfə açıq oldu və bu, tərəfdaşlarımızla qarşılıqlı maraqlar əsasında çox fəal və hərtərəfli əməkdaşlığa başlamağımıza şərait yaratdı.

Mən bütün bunların necə baş verdiyini və həmin əməkdaşlığın nəticələrinin nədən ibarət olduğunu qısaca xatırladıram. Zənnimcə, ən böyük nəticə neft və qaz sahəsində güclü əməkdaşlığın qurulması, enerji dəhlizlərinin yaradılması oldu ki, Azərbaycanın karbohidrogen ehtiyatları ilk dəfə Qərb istiqamətinə nəql olunmağa başlandı. İlk dəfə olaraq enerji infrastrukturu Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirdi. Bu, təkcə karbohidrogen ehtiyatların hasilatı və satılması məsələsi deyildi. Bu, böyük məna kəsb edirdi və geniş regional əməkdaşlığa yol açdı və hazırda geniş beynəlxalq əməkdaşlığa çevrilmişdir.
Hazırda neft və qaz təchizatının şaxələndirilməsində əldə etdiyimiz yaxşı nəticələr tamamilə yeni mənzərə yaradır. Biz bu sərmayələri iqtisadiyyatı şaxələndirmək, digər sahələrə cəlb etmək və eyni zamanda, yeni layihələr üzərində çalışmaq üçün istifadə etməyə nail olduq. Bakı-Tbilisi-Ceyhan bu istiqamətdə ilk addım oldu. Cənubi Qafqaz adlandırılan qaz boru kəməri isə bizə qonşu bazarlara nəinki nefti, hətta qazı ixrac etməyə imkan yaratdı. Biz karbohidrogen ehtiyatların kənar təchizat asılılığından yaranan vəziyyətdən yaxşı xəbərdarıq. Çünki bir müddət biz də təbii qazı idxal edirdik" İlham Əliyev nitqində söyləyib.

Dövlət başçısı bildirib ki, biz, eyni zamanda, Xəzər dənizinin şərqindəki tərəfdaşlarımız üçün tranzit ölkə olmuşuq.

"Bu gün də belədir və biz həm hasilatçı, həm də ixracatçıyıq. Biz mühüm regional layihələri həyata keçirmişik və indi də həyata keçiririk. Düşünürəm ki, hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı maraqlar tarazlığı və regional əməkdaşlığın bu üç vacib seqmenti arasındakı qarşılıqlı anlaşma mühüm əhəmiyyət daşıyır. Fikrimcə, bu gün maraqlar tarazlığının təmin olunduğu bir vəziyyət yaranıb və hamı - hasilatçılar, tranzit ölkələr və istehlakçılar bundan yararlanacaqdır. Daha sonra ölkələrimiz də, xalqlarımız da bundan faydalanacaq və bu, regional əməkdaşlıqda yeni mərhələyə gətirib çıxaracaqdır.
Bu gün biz Gürcüstan, Rumıniya və Macarıstandan gələn qonaqların iştirakını nəzərə alaraq, Qara dəniz-Xəzər dənizi əməkdaşlığından ciddi danışa bilərik. Biz bu layihəyə bir neçə il bundan əvvəl Bakıdan Supsaya, Qara dənizin Gürcüstan sahilinə uzanan boru kəmərinin tikintisi ilə başladıq. Bir qədər əvvəl qeyd etdiyim kimi, biz Xəzər dənizinin və Qara dənizin hövzələrini birləşdirdik. Əminəm ki, bu görüşün nəticəsi olaraq bu marşrutun genişləndirilməsi və yeni layihələr yeni imkanlar açacaq, ölkələrimiz arasında daha sıx əlaqələrin yaranmasına şərait yaradacaqdır.
Hesab edirəm ki, bugünkü sammitin keçirilməsinin əsas səbəblərindən biri təmsil etdiyimiz ölkələr arasında mövcud olan möhkəm əlaqələrdir. Bizim Gürcüstan, Rumıniya və Macarıstan ilə yaxşı ikitərəfli əlaqələrimiz vardır. Bu əlaqələrin genişlənəcəyinə, müxtəlif sahələrdə daha da inkişaf edəcəyinə əminəm. Hesab edirəm ki, enerji amili bu əlaqələrin mühüm elementidir, lakin biz təkcə enerji əməkdaşlığı ilə kifayətlənməməliyik. Enerji sahəsində əməkdaşlıq iqtisadiyyatımızın bütün digər sektorlarına mühüm yol açacaq və təbii ki, biz siyasi əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün çalışacağıq" Prezident deyib.

İlham Əliyevin sözlərinə görə, bu gün Azərbaycan neft və qaz ehtiyatlarını müxtəlif beynəlxalq bazarlara nəql edir. Uğurlu neft strategiyası və siyasətinin nəticəsi olaraq Azərbaycan artıq qaz ixrac edən ölkəyə çevrilib.

"Bu ixracatın istiqamətləri genişlənir və həcmi də artır. Bu il qaz hasilatının həcmi təxminən 28 milyard kubmetr olacaqdır və bu, bizə ənənəvi istiqamətlər üzrə ixracatı artırmağa imkan verəcəkdir. Bu gün biz qazımızı dörd qonşu ölkəyə ixrac edirik və həmin ixracatın həcmi artmaqdadır. Bizim təsdiq olunmuş böyük ehtiyatlarımız vardır. Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş qaz ehtiyatları təxminən 2 trilyon kubmetrdir, lakin reallıqda minimal potensial ehtiyatlarımız 5 trilyon kubmetrə yaxındır. Bu, şaxələndirilmiş ixracat strategiyası üçün onilliklərə, bəlkə də yüz ilə kifayətdir.
Mühüm məsələ odur ki, qazımızı müxtəlif bazarlara nəql etmək üçün artıq infrastrukturumuz vardır. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin tikintisi regionlarımız arasında qaz sahəsində əməkdaşlığın inkişafı üçün böyük rol oynamışdır. Lakin bu, nisbətən məhdud həcmə malik olan ilkin bir addım oldu. Hazırda biz şaxələndirmənin hamımıza fayda gətirəcəyini nəzərə alaraq yeni marşrutların müəyyənləşdirilməsi istiqamətində çalışırıq. Bu işləri görmək üçün planlarımız və güclü siyasi iradəmiz vardır. Mən əminəm ki, bu gün müzakirə edəcəyimiz məsələlər regionun gələcək enerji xəritəsi üçün çox mühüm rol oynayacaqdır. Əslində, biz enerji xəritəsini dəyişdiririk. Biz hasilat, nəqletmə, ixracat marşrutları və yeni marşrutların yaranması imkanları haqqında ənənəvi anlayışları dəyişdiririk. Biz bu vəziyyəti dəyişdiririk, vəziyyət öz-özünə yaranmır. Bu, liderlərin siyasi iradəsidir və eyni zamanda, praktiki layihələr, səylərin əlaqələndirilməsi üzrə ciddi bir işdir. Mən əminəm ki, ölkələrimiz və ölkələrimizin rəhbərləri arasındakı anlaşma səviyyəsi, səylərimizin potensial əlaqələndirmə səviyyəsi tamamilə yeni bir şərait yaradacaqdır.
Qeyd etdiyim kimi, biz qonşu ölkələrlə enerji sahəsində fəal əməkdaşlıq edirik. Eyni zamanda, biz Avropa təsisatları ilə də sıx çalışırıq. Dörd il bundan əvvəl biz Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığa dair memorandum imzalamışıq və bu təmaslar çox fəaldır. Mən çox şadam ki, bu gün Avropa İttifaqının iki üzv ölkəsi və Cənubi Qafqaz regionunun iki ölkəsi bu sammitdə iştirak edir. Uzun illər enerji sahəsində fəal əməkdaşlıq edən bu ölkələr indi bir komanda kimi çalışır. Mən çox istərdim ki, biz gələcəkdə də birgə çalışaq. Bu, bizə qaz potensialımızı reallaşdırmağa kömək edəcək, bizim üçün yeni bazarlar açacaq və eyni zamanda, imkan verəcək ki, Avropa istehlakçılarının Xəzər regionuna, onun karbohidrogen ehtiyatlarına çıxışını təmin edəcək layihələr üzrə birgə çalışaq. Fikrimcə, əgər biz bütün maraqları üst-üstə qoymağa nail olsaq, qarşımızda aydın mənzərə və çox vədedici gələcək olacaqdır. Əminəm ki, dünən həmkarlarımla apardığım və bu gün cənab Baş nazirlə aparacağım danışıqlar bu əməkdaşlıq ruhunu gücləndirəcəkdir" dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, AGRİ yeni bir layihədir və onun çox yaxşı potensialı vardır.

"Bugünkü toplantı, əməkdaşlığın ruhu və dünənki danışıqlarımız ölkələrimizin nə qədər yaxın olduğunu göstərir. Bu, istənilən layihənin uğurlu icrası üçün əsas amillərdən biridir. Əgər biz bu güclü siyasi əlaqələrə, şəxsi münasibətlərə qarşılıqlı asılılığı da əlavə etsək, - mən deyərdim ki, qarşılıqlı asılılıq enerji sektorunda uğurun əldə edilməsi üçün mühüm elementlərdən biridir, - o faktı da əlavə etsək ki, bir-birimizi istənilən formada dəstəkləyə bilərik və iqtisadiyyatlarımız rəqabət aparmayacaq, o zaman AGRİ layihəsi hamımız üçün faydalı olacaqdır.
Beləliklə, biz artıq bu layihənin icrasının başlandığı andan güclü potensialın olduğunu görürük. Bu gün bütün zəruri addımlar atılacaqdır. Əminəm ki, texniki əsaslandırmaya dair məsələlər, layihənin dəyərləndirilməsi və bütün mühəndis işləri vaxtında həyata keçirilərsə, o zaman yaxşı nəticələr əldə olunacaqdır. Bir daha xoş sözlərə, şərhlərə və iştiraka görə qonaqlarıma və dostlarıma minnətdarlığımı bildirirəm" İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban AGRİ layihəsinə dair Bakı Bəyannaməsini imzaladılar.

Foto - www.Prezident.Az

Xəbər lenti

Xəbər lenti